“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür — FOTO

İDMAN 13 apr 2024, 21:00
Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

O,1972-ci il aprelin 13-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.



AFFA-nın İcraiyyə Komitəsinin üzvü həm futbolçu, həm məşqçi kimi Azərbaycan futbol tarixinə düşüb. 1990-2005-cı illəri əhatə edən dövrdə hücumçu kimi çıxış edən Qurbanov “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Alazani” və Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarında çıxış edib. Forvard dörd dəfə ölkə çempionu, bir dəfə kubokun qalibi, 1996/97 mövsümündə 34 qolla çempionatın ən yaxşı bombardiri adını qazanıb.



Azərbaycan çempionatlarında 115 qol vuran Qurban Qurbanov yarışın 32 illik tarixinin 4-cü ən yaxşı bombardiri hesab olunur.

Milli komandada 68 oyunda 14 qola imza atan hücumçu kimi həm də yığmanın ən məhsuldar futbolçusudur.

Q.Qurbanov 2005-cı ildə “İnter”də idman direktoru kimi fəaliyyətə başlayıb. 2006-2007-ci illərdə “Neftçi”nin baş məşqçisi olub.
Qurban Qurbanovun ən böyük tarixi uğurları isə 2008-ci ilin yayından rəhbərlik etdiyi “Qarabağ”la bağlıdır. Ağdam klubu onun rəhbərliyi altında 10 dəfə Azərbaycan çempionu adını, 5 dəfə ölkə kubokunu qazanıb.

Qurbanovun yetirmələri ardıcıl 10 dəfə avrokubokların qrup mərhələsinə düşüb. 2017-2018-ci illər mövsümündə Çempionlar Liqasında bunu bacaran ilk komandamız olub.



2021-2022 və 2022-2023 mövsümlərində Konfrans Liqasında, 2023-2024 mövsümündə Avropa Liqasında pley-offa yüksəlib və 1/8 finala qədər irəliləyib.

Qurban Qurbanov 2017-18-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi kimi çalışıb.

2011-ci ildən Əməkdar məşqçi olan Qurbanov 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top