Pul borcu üstündə 66 yaşlı kişi tanışını bıçaqladı — TƏFƏRRÜAT

KRİMİNAL 27 mar 2024, 11:57
Bakının Pirallahı rayonunda 1958-ci il təvəllüdlü Əlişir Vələdov tanışı, 28 yaşlı Murad Nurəliyevə xəsarət yetirib.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Əlişir 10 may 2023-cü ildə, saat 17.00-da yaşadığı ünvanın yaxınlığında tanışı Muradın ona borcu olduğu 160 manat məbləğində pulu qaytarmasını dediyinə görə sonuncunun baş zərbəsi ilə onun sifət nahiyyəsindən vurmasından əsəbləşib. 

Aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı özündə olan bıçaqla Muradın sol döş nahiyyəsinə qəsdən bir zərbə vurub. 

Hadisəni törədən Əlişirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əlişir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, hadisədən bir həftə əvvəl Murad ondan bir günlük 160 manat pul istəyib: 

“Murada dediyi həmin məbləği verdim. Səhəri gün axşam Murad pulu qaytarmadığı üçün onunla əlaqə saxlayaraq pulu istədim. Murad isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmadı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 1 may 2023-cü ildə, saat 10.00-da Muradın anasının qutab, peraşki bişirdiyi dükana gedib, Muradın borcu olduğunu və pulu geri qaytarmasını bildirib: 

“Muradın anası Raisa isə onun bu məsələyə aidiyyəti olmadığını qeyd etdi. Mayın 10-da, saat 17.00-da Raisanın dükanının qarşısından keçərkən həmin vaxt Murad da orada olub. Raisa Murada mənim ulunu istədiyini bildirdi. Murad bıçağı itilədiyini qeyd etdi. Murada kənarda söhbət etməyi deyərək onunla birgə dar küçəyə getdik. Ondan pulumu tələb etdim. Muradla aramızda mübahisə başladı. 

Murad da sifət nahiyyəmə başı ilə, ağız nahiyyəmə isə yumruqla zərbə vurdu. Əlbəyaxa olan zaman gücüm çatmadığı üçün üzərimdə gəzdirdiyim qatlanan bıçağı onu qorxutmaq üçün çıxartdım. Murad həmin vaxt mənə bıçağı çıxartdınsa gərək vurasan deyən zaman onun sağ qarın boşluğu hissəsinə bir dəfə həmin bıçaqla xəsarət yetirdim. Murad özü məni vurmağa təhrik etdi. Murada xəsarət yetirdikdən sonra Murad oradan qaçaraq uzaqlaşdı. Baş vermiş hadisədən sonra dərhal polis idarəsinə gələrək təslim oldum”. 

Təqsirləndirilən şəxs bildirib ki, alt dişləri olmadığı üçün yemək yeyərkən çox çətinlik çəkdiyindən çörəyi xırda-xırda hissələrə bölmək üçün üzərində bıçaq gəzdirib: 

“Bıçağı çıxardarkən məqsədim Muradı qorxutmaq olub. Onu öldürmək və ya vurmaq deyə niyyətim olmayıb. Murad cüssəcə məndən iri olduğu üçün yumruq zərbələri vuran zaman onu dayandırmaq istəmişım. Ona görə də üzərimdəki bıçağı cibindən çıxardıb onu özümdən kənarlaşdırmaq üçün sol döş nahiyyəsinə ixtiyari bıçaq zərbəsi endirmişəm. Etdiyim əməldən peşmançılıq hissi keçirirəm. Zərərçəkmiş şəxslə barışıq əldə etmişəm”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top