" 50-100 manat müqabilində narkomanlara, dəlilərə, xəstələrə sağlamlıq arayışı satılmasa... — ÇAĞIRIŞ

GÜNDƏM 19 mar 2024, 16:07
Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri, sürücülər, eyni zamanda onların iş qrafiki, nəqliyyat vasitələri haqqında və digər məlumatları birbaşa Yerüstü Nəqliyyat Agentliyinə ötürəcəklər. Bu məqamlar müvafiq qanunvericiliyə edilən dəyişikliklərdə əksini tapıb. Həmçinin taksi sifarişi zamanı vaxt və tarix, nağd və ya nağdsız olmaqla gedişhaqlarının ödənişi üsulu, daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat və bir neçə əsas məlumatlarda Agentliyinə yönləndiriləcək.

Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, taksi sifarişi operatorları tərəfindən hər bir sifariş üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı təsdiqlənib. Məlumatların toplanması taksi daşımaları haqda məlumat bazasının formalaşmasına, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə aparılan təhlillərdə bu materiallardan istifadə edilməsinə əsaslandırılmış qərarların qəbul edilməsinə şərait yaradacaq.

Nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a açıqlamasında deyib ki, yeni qaydaların tətbiqi taksi fəaliyyətini tənzimləyəcək:



“Nazirlər Kabineti tərəfindən bu qaydalar təsdiq olunana qədər aidiyyəti qurumlar taksi şirkətlərindən və sürücülərindən nəsə tələb edə bilmirdi. Çünki qanunda taksi operatoru anlayışı yox idi. Şirkətlər artıq bəzi tələblərə əməl etməlidir. Sağlamlıq arayışı olmayan şəxslə əməkdaşlıq edə bilməz. Taksi şirkəti sistemə qoşduğu şəxs barədə real vaxt rejimində AYNA-nın mərkəzi bazasına məlumat ötürməlidir. Sürücünün iş və istirahət rejimi orada əksini tapmalıdır. AYNA da həmin məlumatları təhlil edəcək. Tutaq ki, bir sürücü səhərdən başlayaraq 8-10 saat “Uber” şirkətində işlədi, iş saatı tamamlanan kimi artıq şirkət onu bloklayacaq. Amma yarım saat sonra AYNA sistemdə görür ki, həmin sürücü “Bolt”da fəaliyyətə başladı. Bu zaman həmin sürücü barədə tədbir görüləcək, çünki normadan artıq iş rejimi sürücünün yorğun, yuxulu olmasına gətirib çıxarır ki, bu da qəzaları qaçılmaz edir”.

Ekspert qeyd edib ki, sürücülərə poliklinikalarda qanunsuz yollarla sağlamlıq haqqında arayış verilməsi halları barədə tədbir görülməlidir: 

“Bizim narahatlığımız odur ki, sürücülər sağlamlıq arayışını polikliniklarda pul verib bazardan göy-göyərti alırmışcasına əldə edə bilirlər. Səhiyyə Nazirliyinə, TƏBİB-ə səslənirəm, dövlət tərəfindən taksi fəaliyyəti ilə bağlı vacib qanunlar qəbul olundu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də AYNA nə qədər pul xərlcəyib beynəlxalq təcrübə öyrənib, xarici mütəxəssislər cəlb olunub prosesə. Nazirlər Kabinetində qaydalar təkmilləşdirilib, Milli Məclisdə leyihə səs verilib, ölkə başçısı yenilikləri təsdiqləyib, amma rüşvətxor bir həkim gəlib bütüb işlərin üzərindən xətt çəkir. Poliklinikalar, tibb məntəqələri nəzarətə götürülməlidir. 50-100 manat müqabilində narkomanlara, dəlilərə, xəstələrə sağlamlıq arayışı satılmasa, taksi fəaliyyətində əsl dönüş nöqtəsi olacaq. Yüksək xidmət görəcəyik, xaosun qarşısı alınacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top