“Həmin tətbiqlər vasitəsilə fərdi məlumatlar oğurlana bilər” — XƏBƏRDARLIQ

İKT 06 mar 2024, 18:30
Daxili İşlər Nazirliyi mobil tətbiqlərlə bağlı əhaliyə müraciət edib. Qeyd olunub ki, şəxsi və bank kartlarının məxfiliyini qorumaq üçün tətbiq yükləyərkən təhlükəsizlik qaydalarına ciddi yanaşılmalıdır. 

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nin sədri Elvin Abbasov Demokrat.az-a açıqlamasında cihazımıza tətbiqlər yükləyərkən diqqət etməli olduğumuz məqamlar barədə məlumat verib:

“Tətbiqləri yükləyərkən yalnız orijinal platformalardan yükləmək lazımdır. Saytlardan tətbiqlərin yüklənməsi kifayət qədər risklidir. Təbii ki, söhbət feysbukun özündən edilən yükləmələrdən getmir. Tanınmayan, az tanınan, etibarlı olmayan saytlardan tətbiqləri yükləmək olmaz. Bəzi tanınmış saytlardan proqram yükləyərkən onsuz da bizi “App Store” və ya “Google Store”a yönləndirir. Bunun nəticəsini bu yaxınlarda Azərbaycanda da gördük. “Whatsapp+” vasitəsilə bank kartlarına müdaxilə olundu. 

Orijinal tətbiqləri də yükləyərkən icazələrə diqqət etməliyik. Razılaşma düyməsindəki qaydaları oxumaq lazımdır. Hansı məlumatların əldə ediləcəyi və kiminlə bölüşüləcəyi əvvəlcədən bildirilir. Bunları oxumadan razılaşma düyməsinə basanda istənilməyən hallar baş verə bilər”.

Ekspert əlavə edib ki, cihazdakı tətbiqləri daim yoxlamaq və yeniləmək lazımdır:

“Əks halda köhnə versiyalarda kibertəhlükəsizliklə bağlı boşluqlar əmələ gələ bilər və fərdi məlumatlar ələ keçirilə bilər. Telefondan işlənməyən və ya az işlənən tətbiqləri də silmək lazımdır. Bir müddət sonra həmin tətbiqlər vasitəsilə də fərdi məlumatlar oğurlana bilər”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top