“Həmin yerləri görəndə,..” — Şuşaya ilk dəfə səfər edən keçmiş döyüşçü şair DANIŞDI

ƏDƏBİYYAT 17 iyl 2023, 18:00
“Şuşaya tək şair kimi deyil, həm də keçmiş döyüşçü kimi səfər etdim. Vaxtilə Milli Qvardiyanın zabiti olmuşam. 1992-1994-cü illərdə Füzulidə, Qubadlıda, Laçında, Ağdərədə çox çətin döyüşlərdə iştirak etmişəm. Şuşaya getmək ən böyük arzularımdan biri idi”. 

Bu sözləri Demokrat.az-a müsahibəsində Vaqif poeziya günləri çərçivəsində ilk dəfə Şuşaya səfər edən şair, Milli Qvardiyanın zabiti Süleyman Abdulla öz təəssüratlarını bölüşərkən deyib.

Süleyman Abdulla keçmiş döyüşçü olaraq ilk Şuşa səfərinin onda dərin hisslər buraxdığını bildirib:



“Tədbirlərdə çox iştirak etmədim. Daha çox şəhəri gəzdim, tarixi küçələri dolandım. Şuşanın hər daşına, qayısına, döngəsinə, evinə bələd olmaq istədim. Demək olar ki, bütün günü gəzmişəm. 
Tədbir yaxşı keçdi. Bəziləri kimlərinsə Şuşaya səfər etməsindən şikayətləndi. İncikliklər olur. Bəlkə də haqlı səbəbləri var. Şikayətlənməyi sevirik millət olaraq.

Avtobusla Füzuli ərazisindən keçəndən bəri qəribə hisslər keçirdim. Bilmirəm, necə təsvir edim. O vaxt ermənilər Füzuli və ətraf kəndləri nəzarətləri altına alanda Prezident Qvardiyası olaraq bəzi kənd və yüksəklikləri geri qaytara bildik. Yaralanan, şəhid olan döyüş yoldaşlarımız oldu. Həmin yerləri görəndə, o günlər gözlərim önündə canlandı. Döyüş xatirələri tam başqa xatirələrdir. Bu, ədəbiyyat, poeziya məsələsi deyil”.
 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top