Laçına avtomobil səfərləri başladı

QARABAĞ 29 apr 2024, 15:14
Laçın şəhərinə fərdi minik avtomobilləri ilə səfərlər mümkün olacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir ki, “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. Artıq vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər. 

Turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında deyib ki, azad edilmiş ərazilərə səfərlərin artırılması turizmin inkişafına töhfə verir: 



“Yeni destinasiya olduğuna görə insanlar bu ərazilərə getmək istəyirlər. Eyni yerlərə təkrar getmək istəmirlər, məsələn, Quba, Qəbələ kimi rayonlara. İnsanlar yeni bölgələr axtarışındadırlar. Bu həm ölkədə daxili turizmin inkişafına, həm də regionda sosial-iqtisadi inkişafa yol açacaq. Səfərlərin genişləndirilməsi həmin ərazilərdə yeni yaşayış obyektlərinin açılmasına, infrastrukturun, hotellərin, restoranların inkişafına təkan verəcək. Beləliklə həmin ərazinin çiçəklənməsinə birmənalı şəkildə qatqısı olacaq. Statistikaya görə, yaxın gələcəkdə turistlərin ən çox axın etdiyi yer Qarabağ bölgəsi olacaq. Çünki Qarabağın yüksək turizm potensialı var. Nəinki daxili turizm, burada həmçinin ekstrim, sağlamlıq kimi müxtəlif turizm növlərini də inkişaf etdirmək olar. Qarabağ bölgəsinin mətbəxi və Qarabağ atları turistləri özünə cəlb edəcək.  Bu da Azərbaycan iqtisadiyyatına və turizminə böyük ölçüdə fayda verəcək”.

Qeyd edək ki, vətəndaşlar səfər üçün icazəni “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkün olacaq.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top