"Feyziyev səhvini etiraf edərək, media təmsilçilərindən üzr istəməlidir" — Azər Həsrət

GÜNDƏM 06 fev 2022, 23:45

Cavanşir Feyziyev olayına Mətbuat Şurası İdarə Heyətinin üzvləri  reaksiya verib.

Onlardan biri də Azər Həsrətdir. O, özünün "facebook"dakı profilində bunları yazıb: 

"Cavanşir Feyziyev olayı çox təəssüf doğuracaq bir olaydır. Birincisi ona görə ki, Azərbaycanın adı beynəlxalq səviyyədə pul yuyulmasında hallanır. İkincisi isə ona görə ki, buna səbəbkar olan şəxs Milli Məclisin üzvüdür.

Üçüncü və birbaşa şəxsən mənim də mənsub olduğum kəsimə aid olanı isə odur ki, C.Feyziyev baş verənləri işıqlandıranları ucdantutma aşağılayan paylaşım edib, hətta nəinki bir deputata, ümumiyyətlə ən sadə bir ziyalıya yaraşmayacaq ifadələr işlədib. Onun, haqqında yazdığı şəxsləri tək-tək də tanıyıram, hər biri haqqında xoş sözlər də deyə bilərəm, bəzən tənqid də edərəm.

Lakin ümumilikdə götürəndə onların əksəriyyəti həqiqətən də çağdaş Azərbaycan jurnalistikasının və ictimai rəyinin ən parlaq adlarıdır və barələrində kimsə C.Feyziyevin işlətdiyi ifadələrə bənzər ifadələr işlətməməliydi. Eyni zamanda onu da əlavə edim ki, C.Feyziyev mənim kimi Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Yəni medianın ən öndə gedən qurumunda təmsil olunaraq media təmsilçiləri haqqında bu qədər ağır ifadələr işlətməsi təkcə onun deyil, həm də bizim – Mətbuat Şurası İdarə Heyətinin bütün üzvlərinin məsuliyyəti deməkdir. Hələ nəzərə alaq ki, C.Feyziyevin haqqında uyğunsuz ifadələr işlətdiyi şəxslər arasında eyni zamanda onun kimi MŞ İdarə Heyətində təmsil olunanlar da var.

Bu isə o deməkdir ki, C. Feyziyev o şəxslərlə birlikdə MŞ İdarə Heyəti üzvlüyündə qala bilməz. Bunun ən azından etik olmadığını deyə bilərik. Ona görə də C.Feyziyevin bundan sonra atacağı addımlar sırasıyla MŞ İdarə Heyəti üzvlüyündən istefası, ardından da səhvini etiraf edərək media təmsilçilərindən üzr istəməsi olmalıdır. Bu arada onu da əlavə edim ki, C.Feyziyevin media təmsilçilərinə yönəlik ağır ifadələrini bəhbəhlə dərc edən media təmsilçiləri də, təəssüf ki, peşə həmrəyliyimizə növbəti dəfə balta çalmışlar.

Ümid etmək istərdim ki, MŞ sədri Əflatun Amaşov məsələylə bağlı təcili məsləhətləşmələrə başlayacaq". 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top