"Məmur özbaşınalığı baş alıb gedir" — Rasim Balayev toy qalmaqalından DANIŞDI

GÜNDƏM 27 avq 2020, 19:37

Akademik Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu özbaşınalığa görə hər iki tərəfin valideynləri sərt şəkildə cəzalandırılıblar. 


Demokrat.az xəbər verir ki, mövzu ilə əlaqədar danışan Xalq artisti Rasim Balayev məmurların bu özbaşınalığına görə təəssüfləndiyini bildirib:


“Son vaxtlar ölkəmizdə məmur özbaşınalığı baş alıb gedir. Bununla da mübarizə aparılır, əgər belə davam edərsə. Yəqin ki, yaxşı olacaq. Məmur təyin ediləndə yaxşı olardı ki, onun insani keyfiyyətləri də nəzərə alınsın və o məmur hesab etməsin ki, hamıdan artıqdır. Məmur xalqa qulluq etmək üçün  seçilir. Prezident özü çıxışlarında bildirir ki, mən xalqa qulluq üçün varam. Məhz bu fikirlə yanaşıb, məmurları seçmək lazımdır. Mən özüm çox yerlərdə şahid oluram ki, məmurlar xalqı incidirlər. Bilirsiniz, cürbəcür insanlar var, hərənin öz dili ilə danışmaq lazımdır. Hətta müəyyən bir problem varsa və məmur onu həll edə bilmirsə, onu insan kimi yola salmalıdır. Belə şey bizdə yoxdur, deyirlər ki, “get, kimə istəyirsən de”. Belələri var. Ona görə də güman edirəm ki, bu mübarizə axıra qədər davam edərsə belə hallar azalacaq. İnsanları belə vəziyyətlərə salaraq onları dövlətdən, hakimiyyətdən narazı salırlar. Məmurlar, icra başçıları, nazirlər bilməlidilər ki, onlara o səlahiyyətlər ona görə verilməyib ki, özləri üçün şərait qursunlar! Özləri də yaşamalıdır, amma ən əsası camaatın qeydinə qalmalıdırlar”. 


Sənətçi karantin müddətində müəyyən qaydaların gözlənilərək mərasimlərin keçirilməsinin tərəfdarı olduğunu da deyib:


“Toy məsələsində gəldikdə isə bununla bağlı bir şey fikirləşmək lazımdır. Mən demirəm əvvəlki kimi 1000 nəfər insan yığılsın, yox, amma yığcam şəkildə nə isə etmək olar. Çünki valideynlər, onların arzuları var. Bəzisi düşünür ki, xəstəyəm, istəyirəm övladımın toyunu görüm və s. Ona görə fikrimcə bu məsələyə nəsə əncam çəkmək lazımdır. Mən demirəm ki, toylar əvvəlki kimi dəbdəbəli keçirilsin, pandemiyadan əvvəl də onsuz yaxşı deyildi. 500-700 adamı yığırdılar, ifrat dərəcədə təmtəraqlı məclislər keçirirdilər. Yemək, içmək nə qədər…


Bir dəfə türk qonağım gəlmişdi, bizim toyların birində iştirak etdi, dedi ki, bu nədir, nəyə lazımdır bu qədər israfçılıq? Bu qədər şeyi adam necə yeyə bilər? Stolun biri 80-100 manatdır, 100 manatlıq yeməyi yemək olar? Bir dəfə mən Türkiyədə çox imkanlı adamın toyunda oldum, çox xoşuma gəldi. Orada gəlib oturursan, qarşına menyu gətirirlər, nə yeyəcəksənsə, onu sifariş edirsən, gətirirlər. Bizdə isə gecə 12-ə qalmış süfrəyə aş gətirilir. Bu nədir axı?


Yaslarımız da bu cür keçirilir. Yasda süfrəyə bir stəkan çay, qənd gətirilər, vəssalam. Bu nə “pokazuxalıqdır?” Sağlığında valideynlərinin qədrini bilməyənlər bir süfrə açır ki, elə bil toydur. Nişanda paylanılan şokoladdan tutmuş, banana qədər stolun üstünə düzürlər. Bu nəyə lazımdır? Adam var ki, ölüsü qalır bir tərəfdə, borca düşür yas verir. Bu adətləri mütləq dəyişmək lazımdır”. (Yenisabah.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top