“Məqsəd Azərbaycanla müharibəyə kökləməkdir” — Fəzail Ağamalı

SİYASƏT 13 iyl 2020, 17:14

“Ermənistan Azərbaycan sərhəddində baş verənlər birmənalı olaraq rəsmi İrəvanın təxribatıdır”. 


Bu sözləri Yenisabah.az-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı iyulun 12-də Ermənistan Azərbaycan sərhədində hərbi vəziyyətin kəskinləşməsinə münasibət bildirərkən deyib.


“Ermənistan qəflətən hücuma keçərək sərhəd zonasındakı hərbçilərimiz artilleriyadan atəşə düşüb. Dörd hərbçimiz şəhid olub, yaralananlar var. Mən şəhidlərimizə Allahdan rəhmət diləyir və ailələrinə baş sağlığı verirəm.


Ermənistan bu və bu kimi təxribatları vaxtaşırı tördib. 2016-cı ildə baş verən “aprel döyüşləri” yadımızdadır. Həmin vaxt da ilk olaraq atəş Ermənistan tərəfdən açılmışdı. Azərbaycan Ordusunun adekvat cavabı ilə düşmən xeyli itkilər verməklə geri oturdulmuşdu.


Dünən baş verənlərə gəlincə, hesab edirəm Paşinyan və onun komandası itmiş nüfuzunu bərpa etmək üçün bu təxribata əl atıb. Məqsəd diqqəti ölkənin daxili problemlərindən yayındırmaq, cəmiyyəti Azərbaycanla müharibəyə kökləməkdir”, - deyə deputat bildirib.


AVP sədri əlavə edib ki, bu təxribatda başqa məkrli məqsəd də güdülür. “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu qurumun nizamnaməsinə görə, üzv ölkələrdən hər hansı birinin ərazi bütövlüyü təhlükədə olarsa, digər üzv ölkələr ona hərbi yardım etməlidir. Ermənistan da bunu bildiyindən Azərbaycanı təxribatı çəkir. Yəni, Azərbaycan ordusunun sarsıdıcı zərbələri ilə ərazi bütövlüyünün təhlükədə olması görüntüsünü yaratmaqla Rusiyanı və digər üzv ölkələri bu avanturaya cəlb etmək istəyir. Bu baş verməyəcəyi təqdirdə isə Paşinyan Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini alovlandırmaq və Moskvanı ittiham etməklə onu hakimiyyətə gətirənlərin tapşırığını yerinə yetirməyi düşünür”, - deyə Fəzail Ağamalı vurğulayıb.


Deputat əlavə edib ki, Paşinyanın cəhdlərinə baxmayaraq Ermənistan bu təxribatı törətməklə daha ağır duruma düşüb: “Azərbaycan Ordusunun igidliyi sayəsində onlara ciddi zərbələr vurulub. Şəhidlərimizin qisası, Ermənistanın isə məkrli planının qarşısı alınıb”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top