"Sobsan" boya fabrikindəki yanğın söndürüldü: xəsarət alanlar var — VİDEO/FOTOLAR (YENİLƏNİB)

GÜNDƏM 05 iyl 2020, 08:19

Bakının Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən tam söndürülüb. 


FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.


Yanğının xüsusilə mürəkkəbliyinə, obyektdə böyük həcmdə tezalışan və partlamaya meylli maddələrin saxlanıldığına baxmayaraq, yanğınsöndürmə və xilasetmə qüvvələrinin effektiv tətbiqi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının qarşısı alınaraq daha böyük fəsadların baş verməsinə, o cümlədən yanğının genişlənərək ətraf ərazilərə yayılmasına, obyektə bitişik evlərə keçməsinə imkan verilməyib.


Həmçinin, fabrik ərazisindəki salamat qalmış mal-materiallar FHN qüvvələri tərəfindən yanğından mühafizə məqsədilə ərazidən kənarlaşdırılıb. Yanğın nəticəsində ilkin hesablamalara görə, təqribən, 3 000 kv.m. ərazi yanıb. FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib.
Yanğının başvermə səbəbləri araşdırılır.

 

04:22

Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın söndürülüb.

 

Demokrat.az xəbər verir ki, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən soyutma işləri aparılır.

 

23:44

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.


FHN-dən Demokrat.az-a verilən məlumata görə, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.


Yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

 

 
 
 
 
 
 
 
 

22:13


7-ci mikrorayondakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı FHN-in yanğından mühafizə xidmətinin əməkdaşlarından xəsarət alanlar olub.


Baku TV xəbər verir ki, hadisə nəticəsindən tüstüdən zəhərlənən yanğınsöndürənlər yoldaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.


Bundan əlavə mülki vətəndaşlardan da xəsarət alanların olduğu bildirilib.


Yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvə və texnika cəlb olunub.

 

21:43


7-ci mikrorayonda “Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.


Demokrat.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.


Bundan əlavə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də yanğın baş verən yerə gəlib. 


Əraziyə cəlb olunmuş FHN-nin 32 texnikası və 160 canlı qüvvəsi yanğının söndürülməsi üçün mübarizə aparır.


21:15


7-ci mikrorayonda “Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.


Hazırda FHN yanğından mühafizə xidməti alovun lokallaşdırılması və söndürülməsi üçün mübarizə aparır.


Baku TV-nin əldə etdiyi ilk məlumatlara görə, hadisə zamanı beş nəfər xəsarət alıb.


Onlar təcili xəstəxanaya çatdırılıblar.

 

21:01


7-ci mikrorayondakı “Sobsan” boya fabrikinə məxsus sexdə yanğın davam edir.


FHN-dən Demokrat.az-a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. 


Yanğın zamanı ətrafdakı insanlar təxliyyə edilib. 

 

20:37


Bakının Binəqədi rayonunda dəhşətli yanğın baş verib.


Demokrat.az xəbər verir ki, hadisə 7-ci mikrorayon adlanan ərazidə olub.


İlkin məlumatlara görə, “Sobsan” boya fabrikinə məxsus sexdə partlayış olub. 


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top