Prezidentə təşəkkür məktubları: "Sizin rəhbərliyinizlə xalqımız bu sınaqdan üzüağ çıxacaq"

SOSİAL 03 iyl 2020, 20:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.


Həmin məktubların bir neçəsini təqdim edirik:

 

Ağcabədi şəhər 9 saylı tam orta məktəbin fizika müəllimi Vüsalə Əliyeva yazır: "Hörmətli cənab Prezident. Biz Azərbaycan gəncləri, Azərbaycan müəllimləri Sizinlə qurur duyuruq. Bütün dünya ölkələri pandemiya ilə mübarizədə ciddi itkilərlə və çətinliklərlə üz-üzə olarkən, insanlar arasında çaşqınlıq yaranarkən, Sizin müdrik siyasətiniz, peşəkar və çevik göstərişləriniz ölkəmizin virusla bağlı statistikasını ən son yerlərdə qərarlaşdırmışdır. Bu ağır şəraitdə insanlarımıza verdiyiniz dəyər, səhiyyə sistemimizi günün tələblərinə uyğun qurmağınız və əhalinin sosial rifah halının qorunması istiqamətində atılan addımlar nəticəsində xalqımız rahat yaşayır, xəstəliklə mübarizəni qaydalara və tələblərə uyğun şəkildə aparır. Möhtərəm cənab Prezident, Sizə bu karantin dövründə təhsilimizin davamlı şəkildə fəaliyyət göstərməsinə, müəllimlərə və təhsilimizə verdiyiniz hərtərəfli dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə xalqımız və dövlətimiz bu sınaqdan üzüağ çıxacaq və postpandemiya dövrünə yeni uğurlu addımlarla qədəm qoyacaq".

 

Müharibə veteranı, Biləsuvar rayon Veteranlar Təşkilatının sədri Hacı Məhərrəm Kazımlı: "Hörmətli cənab Prezident. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncamınıza əsasən polkovnik Nizami Ağoğlan oğlu Məmmədova “general-mayor” hərbi rütbəsi verməyiniz bütün Biləsuvar əhalisinə göstərdiyiniz böyük etimaddır. Müstəqil Azərbaycanın ilk günlərindən bu günə kimi biləsuvarlılar respublikanın inkişafında, ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlər göstərmişlər. Belə ki, Qarabağ döyüşlərində yüzlərlə biləsuvarlı könüllü olaraq Vətənin müdafiəsinə qalxaraq 109 şəhid vermiş, 22 nəfər döyüşlərdə itkin düşmüşdür. Aprel döyüşlərində Ordumuzun göstərdiyi o böyük şücaətdə biləsuvarlılar mətinliklə döyüşərək Vətənə və dövlətə olan sədaqətlərini bir daha göstərmişlər. Bu döyüşlərdə 3 nəfər şəhid olmuş, 17 nəfər isə yaralanmışdır. Hörmətli cənab Prezident, Vətənin müdafiəsində iştirak edən oğullara verdiyiniz qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, biz biləsuvarlılar Vətənin, dövlətin, dövlətçiliyin və şəxsən Sizin yanınızdayıq. Lazım olsa, Vətən yolunda canımızdan keçməyə hazırıq. Biz Prezidentimizlə, Ordumuzla fəxr edirik. Yaşasın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev. Yaşasın müstəqil Azərbaycan Ordusu.

 

Ağdam rayonundan məcburi köçkün Raqub Cəfərov yazır: "Möhtərəm cənab Prezident. Yeni növ koronavirus - COVID-19 infeksiyasından zərər çəkmiş və bu xəstəliyə yoluxmuş insanlara Sizin rəhbərliyinizlə görülmüş tədbirlər hesabına dövlət dəstəyi göstərilməkdədir. Belə bir zamanda sosial və infrastruktur layihələrinin uğurla icra edilməsi dövlətimizin gücünü və maliyyə dayaqlarının möhkəm olduğunu göstərir. Torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər də Sizin diqqətinizdən kənarda qalmır. Onlar üçün yeni qəsəbə və yaşayış kompleksləri salınır, mənzil-məişət şəraitləri və sosial vəziyyətləri yaxşılaşdırılır. Cənab Ali Baş Komandan, ona görə də biz məcburi köçkünlər Sizi dəstəkləyirik, Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk".

 

Bakıdan Orxan Əlizadə yazır: "Hörmətli cənab Prezident. Bu mürəkkəb şəraitdə atdığınız düzgün addımlar nəticəsində ölkəmiz qlobal pandemiya vəziyyətində minimum itkilərlə mübarizə aparır. Dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, bu çətin günlərdə də xalqın yanında olduğunuza və xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Koronavirus pandemiyası dövründə bütün rayonlarda olduğu kimi, Suraxanı rayonunda yaşayan aztəminatlı ailələrə ərzaq yardımları, işsiz vətəndaşlara 190 manat birdəfəlik müavinət verilməsi sakinlərimizi sevindirdi. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun.

 

Gəncə şəhərindən professor Azad Mustafa oğlu Bayramov yazır: "Möhtərəm cənab Prezident. Sizin ölkədə apardığınız islahatlar hər bir Azərbaycan vətəndaşı kimi məni də fərəhləndirir. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz diqqət və qayğı bizi daha da ruhlandırır. Sizin son dörd ildə üçüncü dəfə Azərbaycan Dövlət Aqrar Universitetində olmağınız aqrar sahəyə, eyni zamanda, Universitetimizə göstərdiyiniz qayğının bariz nümunəsidir. İyunun 24-də Gəncə şəhərinə səfəriniz çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tipli tədris korpusunun açılış mərasimində Sizin və Birinci vitse-prezident Mehriban xanımın iştirakı aqrar sahəyə böyük bir töhfədir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, nəinki aqrar sahənin inkişafına vəsilə olacaq, kadrların yetişdirilməsinə kömək edəcək, eyni zamanda, xeyli sayda insanın işlə təmin olunmasına şərait yaradacaqdır. Bütün bunlar üçün Sizə dərin minnətdarlıq edirəm. Var olsun müstəqil Azərbaycan, var olsun, əziz Prezidentimiz".


Zaqatalanın Əliabad qəsəbəsindən Səriyyə Ziyadova-Eyvazova yazır: "Hörmətli cənab Prezident. Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır. Son illər ərzində görülən genişmiqyaslı işlər, min bir əziyyət hesabına ərsəyə gələn sosial və infrastruktur obyektləri bunu deməyə əsas verir. Respublikamızda abad yollar çəkilib, gözəl şəhərlər yaradılıb, müasir məktəblər və xəstəxanalar tikilib xalqın istifadəsinə verilmişdir. ASAN Xidmət də Sizin uğurlarınızdan biridir. Gənc nəslin nümayəndələrinə geniş imkanlar açmağınız, onları dövlət idarəçiliyində irəli çəkməyiniz təqdirəlayiqdir. Pandemiya dövründə uşaqlar və gənclər təhsildən geri qalmadılar. Virtual dərslərin təşkil olunması buna şərait yaratmışdır. Şagirdlər və tələbələr bu imkandan lazımınca faydalanmağa çalışırlar. Əziz Prezidentimiz, Sizə bu çətin və şərəfli yolda həndəsi silsilə şəklində böyük uğurlar arzulayıram".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top