Mirşahin: “Polis heç də bütün ölkələrdə Azərbaycandakı kimi, xəstə qadının ayaqlarını yumur”

GÜNDƏM 22 iyn 2020, 09:25

“Bu yaxınlarda Rusiya-Azərbaycan sərhədində ölkəmizə qayıtmaq istəyən həmvətənlərimizin başına gələn hadisə ətrafında biz də danışaq. Ona görə ki, əslində nəyin baş verdiyini deyəsən bəziləri heç başa da düşmür. Ona görə ki, ortada sosial şəbəkələr, xüsusilə facebook var. Daha doğrusu feykbok. Bu şəbəkənin feyk xəbərləri nəticəsində biz nəyin şahidi olduq. Əvvəla buradakı qızışdırıcı xəbərmənlər həmişə olduğu kimi qeyri-peşəkar davrandılar, hadisəni əvvəlcədən düzgün təqdim etmədilər. Etmək istəmədilər. Sərhədə toplaşanlar, ordan Azərbaycana zorla axın etmək istəyənlər isə məhz sosial şəbəkələrin zavallı qurbanlarına çevrildilər. Unutdular ki, yerləşdikləri dövlətin qanunlarına tabe olmaq lazımdır. Əks təqdirdə Rusiya Federasiyasının hüquq-mühafizə orqanları onlara qarşı amanlı olmayacaq”.


Demokrat.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.


M.Ağayev xatırladıb ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi də, Azəbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da aydın, anlaşıqlı dildə izahat, elan vermişdi: “Xahiş olunmuşdu ki, səbrli, soyuqqanlı olsunlar, hər iki dövlətin qanunlarına hörmət etsinlər. Problemlə hər iki respublikanın rəhbərliyi məşğuldur. Amma sərhədi kütləvi şəkildə pozmağa cəhd göstərən, Rusiya Federasiyasının polisinə məxsus avtomobili çevirən, onlara müqavimət göstərən həmvətənlərimiz tezliklə zərərsizləşdirildi və üzüquylu şəkildə təqdim olundu. Əlbəttə, ağır mənzərədir. Əlbəttə, Azərbaycan vətəndaşını belə halda görməyi heç kim arzulamaz. Amma kimdir günahkar? Yalnız Rusiya polisimi?


Axı o neçə müddətdir ki, sərhəddə qalan əziz həmyerlilərimizi hər gün üzüqoylu uzatmırdı. Hər gün ona güc tətbiq etmirdi. Ola bilsin ki, ehtiyaclarının tam ödənmədiyi, amma hər bir halda sığınacaq təyinatı ilə ayrılmış yerlərdə soydaşlarımız gözləyə bilirdilər. və bilərdilər də. Axı 500-600- həmyerlimizi artıq qəbul da etmişdik. Qalanları da buraxılırdı. Məncə, yenə də aranı sosial şəbəkələrin qeyri-peşəkar nümayəndələri qatdı. Məlumatsız, savadsız, sadə yerlilərimizi qızışdırdı. “O qılıncı mən düzəltmişəm. Məni kəsməz!” məntiqi isə işləmədi. Nəticə göz qabağındadır. İndi nə baş verir? Yenə də həmin pozucu şəbəkə vahidləri qızışdırıcılığını davam etdirir, Azərbaycan hakimiyyətindən Rusiyaya az qala nota tələb edir. Yeni şəbəkə milli mentalitetimizə uyğun olaraq tələb edir ki, Rusiya polisi üzüqoylu uzadılmış vətəndaşlarımızdan üzr istəsin. Hörmətli, sosial şəbəkə gərginlik ustaları, sizin qısa qapanmalarınız qaranlıqdan və cərəyan vurmaqdan başqa heç nə vəd eləmir. Azərbaycanın Rusiyadakı səfirinin üzərinə ən tərbiyəssiz ifadələrlə gedən həmkarlarımız, həmkorlarımızdan isə bu biabırçılığı dayandırmağı tələb edirəm. Bu gün bütün milli mediyanın vətəndaşlarımızdan yalnız bir tələbi olmalıdır. Bir fikir aşılanmalıdır. Olduğun dövlətin qanunlarına qeyd-şərtsiz əməl et. Unutmayaq heç bir başqa dövlətin polisinin Azəbaycanlı hamilə qadının yerləşdiyi dövlətin, lap elə Rusiyanın ərazisində dünyaya polis maşınında uşaq gətirməsinə mamaça yardımı etmək kimi bir vəzifə öhdəliyi yoxdur. Polis heç də bütün ölkələrdə Azərbaycandakı kimi, çörək alıb aparmır, qolundan tutub yolu keçirmir, xəstə qadının ayaqlarını yumur. Özümüzünkünü özgəsilə çaşdırmayaq. Sosial Şəbəkələrdə yalnız millətə, xalqa, sabitliyə, asayişə xidmət edən paylaşımlar edək”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top