Maraqlı

Qoltuqaltı iyləmək, qucaqlamaq, yatmaq: Dünyanın ən qəribə peşələri və qazancı

Qoltuqaltı iyləmək, qucaqlamaq, yatmaq: Dünyanın ən qəribə peşələri və qazancı

Yüksək maaş qazanmaq üçün mütləq ofisdə işləmək lazım deyil. Dünyada elə qəribə peşələr var ki, insanlar başqalarının qoltuqaltısını iyləyir, döşəklərdə yatır, sərnişinləri vaqonlara itələyir, hətta qucaqlaşmaqla pul qazanırlar.

Bəzi qeyri-adi peşələrdə illik gəlir on minlərlə dollara çata bilir.

İt yeməyi dequstatoru

Ən qəribə peşələrdən biri it yeməyi dequstatorudur.

Bu sahədə çalışan mütəxəssislər heyvanlar üçün hazırlanan yemlərin dadını, qoxusunu və tərkibini qiymətləndirirlər. Onların işi müxtəlif məhsulları sınaqdan keçirmək və keyfiyyət barədə rəy hazırlamaqdır.

Məlumata görə, bəzi ölkələrdə bu peşə üzrə illik gəlir 30 min dollardan 100 min dollara qədər dəyişə bilər.

Qoltuqaltı iyləyən mütəxəssis

Dezodorant və antiperspirant istehsal edən şirkətlər məhsullarının effektivliyini yoxlamaq üçün xüsusi mütəxəssislər işə götürürlər.

Bu şəxslərin vəzifəsi məhsul istifadə edildikdən sonra qoltuqaltı və digər nahiyələrdə qoxunu qiymətləndirməkdir.

Belə mütəxəssislərin illik qazancının orta hesabla 35 min dollar olduğu, təcrübəli əməkdaşların isə 60 min dollara qədər gəlir əldə edə bildiyi bildirilir.

Peşəkar qucaqlaşanlar

Dünyanın bəzi ölkələrində "peşəkar qucaqlaşan" kimi çalışan insanlar da var.

Bu xidmət əsasən tənhalıq yaşayan və fiziki yaxınlığa ehtiyac duyan şəxslərə təqdim edilir. Seanslar müəyyən qaydalar çərçivəsində keçirilir və intim xarakter daşımır.

Bəzi mütəxəssislər saatlıq xidmət üçün 150 dollara qədər ödəniş tələb edə bilirlər. Daimi müştəri bazası olanların illik gəliri isə 100 min dollara qədər yüksələ bilər.

Metroda sərnişinləri vaqona itələyirlər

Yaponiyada "oshiya" adlandırılan işçilər pik saatlarda metro stansiyalarında fəaliyyət göstərirlər.

Onların əsas işi həddindən artıq sıxlıq zamanı sərnişinlərin vaqona yerləşməsinə kömək etmək və qapıların bağlanmasını təmin etməkdir.

Bu peşə xüsusilə Tokioda sıx saatlarda metro sisteminin işləməsini asanlaşdırmaq məqsədilə yaranıb.

Yatmaqla pul qazananlar

Ən çox maraq doğuran peşələrdən biri də döşək sınaqçısıdır.

Bu şəxslər müxtəlif döşəklərdə uzanır və ya yatır, onların rahatlığını, sərtliyini və yuxu keyfiyyətinə təsirini qiymətləndirirlər.

Daha sonra məhsul haqqında ətraflı hesabat hazırlayırlar. Bəzi şirkətlər bu işi daimi iş kimi, bəziləri isə hər hesabat üçün ayrıca ödəniş əsasında təklif edir.

Beləliklə, qəribə görünən bu peşələrin bir çoxu real əmək bazarında mövcuddur və bəzi hallarda kifayət qədər yüksək gəlir gətirir.(lent.az)

NE
Nihadə Eyyubova