Dünya

1 həftədə üçüncü dəfə "Yandex"in data-mərkəzi vuruldu

1 həftədə üçüncü dəfə Yandexin data-mərkəzi vuruldu

Rusiya texnologiya və süni intellekt nəhəngi "Yandex" şirkəti PUA hücumu nəticəsində infrastrukturuna ciddi zərər dəydiyini və Vladimir vilayətindəki məlumat mərkəzinin (Data Center) fəaliyyətinin tamamilə dayandığını açıqlayıb.

Şirkətin yaydığı rəsmi məlumatda hücum zamanı xəsarət alanların olmadığı, lakin bəzi rəqəmsal xidmətlərin istifadəçilər üçün müvəqqəti əlçatmaz olduğu bildirilir.

Bu, son bir neçə gün ərzində "Yandex"in sıradan çıxarılan üçüncü böyük məlumat mərkəzidir. Rusiyanın "Google"u adlandırılan və ölkənin süni intellekt inkişafında aparıcı rol oynayan şirkət Cümə günü Kaluqa vilayətindəki mərkəzinin Ukrayna dronları ilə vurulduğunu və qismən sıradan çıxdığını bəyan etmişdi.

Ondan bir gün əvvəl isə Ukraynanın digər hücumu nəticəsində şirkətin Sasovodakı məlumat qovşağı fəaliyyətini dayandırmışdı.

Qeyd edək ki, "Yandex"in süni intellekt modellərinin hazırlanmasında istifadə olunan üç superkompüterdən ikisi məhz Sasovodakı həmin mərkəzdə yerləşirdi. (qafqazinfo.az)

NE
Nihadə Eyyubova