Cəmiyyət Özəl

7 manatlıq yol 25-ə necə qalxır? — Taksi qiymətləri barədə açıqlama

7 manatlıq yol 25-ə necə qalxır? — Taksi qiymətləri barədə açıqlama

Paytaxtda taksi qiymətlərində kəskin artım müşahidə olunur. Belə ki, şəhərdaxili bəzi istiqamətlər üzrə gediş haqqının 15 manat və daha yüksək məbləğ göstərdiyi bildirilir. Xüsusilə nəqliyyat sıxlığının artdığı saatlarda qiymətlərin yüksəlməsi vətəndaşların narazılığına səbəb olur.

Qiymətlərin bu şəkildə yüksəlməsinin qarşısının alınması mümkündürmü?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, taksi xidmətində qiymətlər məlum olduğu kimi, dəyişən tarif əsasında formalaşır.

7 manatlıq yol 25-ə necə qalxır? — Taksi qiymətləri barədə açıqlama

Onun sözlərinə görə, günün saatlarından, pik saatlardan, hətta hava şəraitindən asılı olaraq qiymətlər dəyişə bilər:

“Tələb artırsa, təbii olaraq qiymət yüksəlir. Tətbiqlər də dinamik qiymət mexanizmi vasitəsilə bunu tənzimləyirlər. Tələb azalırsa, bu zaman qiymətlər də aşağı düşür. Ancaq burada məsələ qiymətin ümumiyyətlə artması yox, artımın hansı həddə çatmasıdır. Məsələn, sərnişin adi vaxtda getdiyi məsafəyə 7 manat ödəyirdisə, həmin yolun birdən-birə 25 manata qalxması sərnişin üçün ciddi yük yaradır”.

7 manatlıq yol 25-ə necə qalxır? — Taksi qiymətləri barədə açıqlama

Ekspert əlavə edib ki, bununla yanaşı, qiymətlərin inzibati qaydada məhdudlaşdırılması düzgün yanaşma olmaz:

“Ancaq qiyməti formalaşdıran mexanizm daha şəffaf olmalıdır. Sərnişin bilməlidir ki, qiymət niyə artıb və hansı amillər bu artıma təsir edib. Çalışmaq lazımdır ki, taksi qiymətlərinin tənzimlənməsi hansısa məcburi göstərişlə deyil, elə bir mexanizmlə həyata keçirilsin ki, bu, həm taksi fəaliyyəti ilə məşğul olan insanlara ziyan vurmasın, həm də vətəndaşın büdcəsinə ciddi yük yaratmasın”.

Fidan Hacızadə

D
demokrat.az