Yerli xəbər saytlarının məlumatına əsasən, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat verilib.Belə ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Prezident katibliyinin rəisi olmuş politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Bakı Stil Company” zavodunun sahibi Rasim Məmmədov istintaq çərçivəsində şahid qismində dindirilib.
Demokrat.az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə əlaqə saxlayıb.
Sərdar Cəlaloğlunun sözlərinə görə, bu, yanlış məlumatdır:
“O vaxt Ramiz Mehdiyev məsələsi çıxanda Əli Kərimlinin tərəfdarları bizə hücum etdilər. Vüqar bəyin tutulmasını Ramiz Mehdiyevlə əlaqələndirdilər. Mən 15 il ondan qabaq Ramiz Mehdiyevin Şah İsmayılla bağlı məqaləsinə rəy yazmışdım. Həmin məqaləni başladılar hallandırmağa ki, guya bu, bizim Ramiz Mehdiyevlə əlaqəmiz deməkdir.
Mən də Əli Kərimlinin Ramiz Mehdiyevlə əlaqələri haqqında, onun Milli Şura və onun fəaliyyəti ilə bağlı öz fikirlərimi bildirdim. Bu fikirlər də neçə il bundan qabaq Milli Şura yarananda qəzetlərdə dediyim, televiziyada söylədiyim fikirlərdir.
Onda məni Dövlət Təhlükəsizliyi Xidmətinə çağırdılar, dedilər ki, belə fikirləriniz var, bunları necə əsaslandırırsınız?Mən ümumi şəkildə Azərbaycan mətbuatında tam məlumatlar əsasında dedim ki, bax, belə bir məlumat çıxdı mətbuatda, sonra belə bir məlumat çıxdı. Yəni, dəqiq, təkzibolunmaz məlumatlar əsasında fikirlərimi bildirdim.
Ümumiyyətlə, Ramiz Mehdiyevlə bağlı mən heç bir yerdə, hər hansı bir şəkildə nə ifadə vermişəm, nə şahid ifadəsi vermişəm, nə də məlumat vermişəm. Çünki mənim bu məsələdən xəbərim də yoxdur. Mən bu gün də inanmıram ki, Ramiz Mehdiyev o gücdə olaydı ki, dövlət çevrilişi hazırlaya. O cümlədən rüşvət almaq və rüşvət alıb qeyri-qanuni şəkildə başqasının əmlakını mənimsəmək. Onlara görə mühakimə oluna bilər.
Sədr əlavə edib ki, onun da adının bu məsələdə hallandırılması tam əsassızdır:
“Mən Ramiz Mehdiyevlə bağlı heç yerdə bir kəlmə belə nə məndən soruşulub, nə də mən ifadə vermişəm, nə də izahat vermişəm. Bunu yayımlayanlar çıxsın, qoysun ortalığa ki, doğrudan da belədir. Məhkəməyə gedəcək də. Əgər elə olsa, məni də çağırarlar məhkəməyə. Axı ayıbdır.
Mənim Ramiz Mehdiyevlə bağlı fikrimi soruşan olmayıb, mənim Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı məlumat vermək imkanım da yoxdur. Çünki Ramiz Mehdiyevin öz dairəsi var, onunla yaxın olan müxalifətçilər də var, deputatlar da var, nazirlər də var. Onlar ifadəyə çağırılmayıb, onlar izahat verməyib, mən isə Ramiz Mehdiyevin düşməni olmuşam. Ramiz Mehdiyevin vaxtında həbs olunmuşam. Neçə dəfə seçilmişəm, şəxsən Ramiz Mehdiyev imkan verməyib parlamentə düşəm. Və Ramiz Mehdiyevin əleyhinə, onun hakimiyyətdə olduğu vaxtla bağlı 500 səhifəlik kitab yazmışam. İndi gəlib mənim adımı bu məsələdə hallandırırlar. Mən sadəcə Əli Kərimlinin tərəfdarlarının mənə hücumu ilə bağlı çağırıldım, mən də fikirlərimi bildirdim”.


