Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllimin süni intellekt alətlərindən istifadəsi vacibdir.O bildirib ki, müəllim bu alətdən düzgün və səmərəli istifadə edirsə, bu, müsbət haldır. Növbəti tədris ilində süni intellektlə bağlı tədbirlər genişləndiriləcək.
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi söyləyib ki, müəllimlərin süni intellekt alətlərindən istifadə etməsi artıq bir növ vacib əhəmiyyət kəsb edir:

“Çünki dünyanın əksər ölkələrində bu istiqamətdə müəllimlər təlimlərə cəlb olunaraq onların bilik və bacarıqlarının artırılmasına təkan verilir. Eyni zamanda, tədris prosesində süni intellekt alətlərindən istifadə müəllimlərin işini də asanlaşdıra bilir. Məsələn, növbəti günün dərs planlaması, şagirdlərin qiymətləndirilməsi zamanı dinləmənin mətnə, yaxud mətnin səsə çevrilməsi, təqdimat əsasında dərsin interaktiv üsulla keçirilməsi üçün müəyyən təqdimatların hazırlanması kimi məsələlərdə süni intellekt müəllimin əlavə vaxt itirməsinin qarşısını alır”.
Onun sözlərinə görə, yəni süni intellekt bir növ müəllimin köməkçisinə çevrilir:
“Ona görə də biz tədricən, təbii ki, təhsil verənləri müvafiq təlimlərə cəlb edərək, süni intellekt alətlərindən daha geniş istifadə etmək bacarıqlarını inkişaf etdirməliyik. Bu həm müəllimlərin özlərinin inkişafına, həm ümumi təhsilə müsbət təsir göstərəcək, həm də təhsilalanların təhsil göstəricilərinin yüksəlməsinə töhfə verəcək”.


