Cəmiyyət Özəl

Kamera yoxdursa, hücum faktı necə sübut olunur? — Hüquqşünas açıqladı

Kamera yoxdursa, hücum faktı necə sübut olunur? — Hüquqşünas açıqladı

Hücum və xəsarət yetirmə hallarında hadisəni təsdiqləyən kamera görüntüləri və digər birbaşa sübutlar olmadıqda, zərərçəkmiş şəxsin təqdim etdiyi sübutlar araşdırmanın gedişində mühüm rol oynayır. Belə vəziyyətlərdə şahid ifadələri, tibbi sənədlər və digər sübutların hüquqi əhəmiyyəti, eləcə də polis araşdırmasına vəkilin cəlb edilməsinin zərərçəkmiş şəxsin hüquqlarının qorunmasına təsiri sual doğurur.

Bəs kamera görüntüləri və digər birbaşa sübutlar olmadıqda hücum və xəsarət yetirmə faktının araşdırılması zamanı zərərçəkmiş şəxsin hansı sübutları təqdim etməsi vacibdir və polis araşdırmasına vəkilin cəlb olunması hansı hüquqları təmin edir?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, kamera görüntülərinin və ya birbaşa sübutların olmaması hadisənin sübut edilməsinin mümkün olmadığı anlamına gəlmir.

Kamera yoxdursa, hücum faktı necə sübut olunur? — Hüquqşünas açıqladı

Onun sözlərinə görə, belə hallarda həmin ərazidə olan şəxslərin şahid ifadələrindən istifadə edilə bilər:

“Eyni zamanda, hadisə zamanı zərərçəkənin yanında olan şəxslərin ifadələri də zərərçəkmiş şəxsin xəsarət alması və ya döyülməsi faktının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər.

Bu kimi hallarda əsas məsələ mövcud olan digər sübutların düzgün şəkildə toplanması və araşdırılmasıdır. Hadisənin şahidlərinin ifadələri, şəxsin aldığı xəsarətlərlə bağlı tibbi sənədlər və digər sübutlar hadisənin necə baş verdiyini müəyyənləşdirməyə imkan verə bilər.

Vəkilin prosesə cəlb olunması da bu baxımdan əhəmiyyətlidir. Çünki istintaqın gedişi zamanı müəyyən məsələlər təhqiqatçı və ya müstəntiq tərəfindən diqqətdən kənarda qala bilər. Vəkil isə müdafiə etdiyi şəxsin hüquqlarını nəzərə alaraq həmin məqamların araşdırılmasını tələb edə və zəruri məsələlərin araşdırılmasını təmin edə bilər.

Eyni zamanda, vəkil istintaqın daha əhatəli və effektiv aparılması üçün müxtəlif vəsatətlərlə çıxış edə bilər. Məsələn, əlavə sübutların əldə olunması, müəyyən şəxslərin şahid qismində dindirilməsi, hadisə ilə bağlı digər materialların araşdırılması və iş üçün əhəmiyyətli olan halların müəyyənləşdirilməsi ilə bağlı vəsatətlər verilə bilər.

Bu səbəbdən, xüsusilə birbaşa sübutların olmadığı hallarda peşəkar hüquqi yardımın göstərilməsi mühüm əhəmiyyət daşıyır. Vəkilin prosesdə iştirakı həm mövcud sübutların tam şəkildə araşdırılmasına, həm də müdafiə tərəfinin diqqətə çatdırmaq istədiyi halların istintaq çərçivəsində araşdırılmasına imkan yaradır”, - deyə hüquqşünas bildirib.

Nuray Paşşanlı

D
demokrat.az