Kriminal Özəl

Arvadımın telefonuna gələn mesajdan sonra şübhələnməyə başladım — Məhkəmə

Arvadımın telefonuna gələn mesajdan sonra şübhələnməyə başladım — Məhkəmə

Xırdalan şəhərində 44 yaşlı kişi parkda həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən “Misir parkı” ərazisində baş verib.

Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Nəsir parkda arvadı Firəngizin (adlar şərtidir – red.) mobil telefon nömrəsinə gecə saatlarında mesaj gəlməsi ilə bağlı mübahisə edib, arvadını qısqanaraq ona irad bildirib.

Onlar arasında həmin səbəbdən qısqanclıq və ailədaxili münasibətlər zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib. O, həmin mübahisə zamanı əsəbiləşərək arvadının üzərinə hücum edib, əvvəlcə əlləri ilə onun saçlarından tutaraq dartıb. Ardınca əl zərbəsi ilə sifət nahiyəsinə vurub və zərbənin təsirindən yerə yıxılıb. Bu vaxt 44 yaşlı kişi ayaq zərbəsi ilə arvadının sağ əl və kürək nahiyəsinə vurub.

Nəsirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Nəsir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2004-cü ildən etibarən Firəngiz ilə rəsmi nikah əsasında ailə həyatı qurub:

“Birgə nikahımızdan iki övladımız dünyaya gəlib. Uzun illər ərzində ailə münasibətlərimiz normal şəkildə davam etsə də, son dövrlərdə aramızda qarşılıqlı anlaşılmazlıqlar, etimad problemləri və ailədaxili gərginliklər yaranıb. Bu səbəbdən münasibətlərimizdə mübahisələr və narazılıqlar müşahidə olunmağa başladı”.

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, gecə saat 02:00-03:00 radələrində həyat yoldaşı Firəngizin istifadəsində olan mobil telefona mesaj gəlib:

“Həmin mesajın kim tərəfindən göndərildiyini soruşdum. Firəngiz işlədiyi müəssisədə əməkdaşlarla olan qrup yazışmasına aid olduğunu bildirdi. Lakin onun davranışları və suala konkret cavab verməməsi məndə şübhə yaratdı. Nəticədə aramızda sözlü mübahisə baş verdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün saat 11 radələrində Firəngiz yaşadıqları evi tərk edib:

“Növbəti gün, saat 16 radələrində övladım Nuray mənə məlumat verdi ki, anası onunla telefon əlaqəsi saxlayaraq əmisi qızı Vəfanın evində olduğunu bildirib və özünə məxsus bəzi geyim əşyalarının gətirilməsini xahiş edib. Bundan sonra qızım ilə birlikdə həmin ünvana getdim. Evə daxil olmayaraq çöldə gözlədim, qızım isə paltarları təqdim etdikdən sonra geri qayıtdı. Məqsədim yaranmış ailədaxili vəziyyəti sakit şəkildə aydınlaşdırmaq, həyat yoldaşım ilə danışaraq aramızda yaranmış problemi müzakirə etmək olub”.

Nəsir qeyd edib ki, Firəngizi həmin gün işə getməli olduğunu bildiyi üçün ərazidə gözləməyə davam edib: “Bir müddət sonra həyat yoldaşım qohumunun yaşadığı evdən çıxdı və mən onunla söhbət etməyə başladım. Söhbət əsnasında piyada şəkildə Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən Misir parkı istiqamətində hərəkət etdik. Söhbət zamanı ailədaxili münasibətlərimizlə bağlı yaranmış narazılıqlar barədə danışdıq. Ondan gecə saatlarında telefonla kiminlə əlaqə saxladığını və bunun səbəbini soruşdum. Cavab olaraq Firəngiz “əcəb” edirəm söylədi. Həmin an emosional gərginlik keçirdim, əsəblərimə hakim ola bilmədim. Nəticədə həyat yoldaşımın saçından tutaraq dartdım. Sonra əlim ilə onun üz nahiyəsinə bir dəfə vurdum. Həyat yoldaşım müvazinətini itirərək yerə yıxıldı. Yerdə olduğum zaman ona bir dəfə təpik vurdum. Daha sonra onu yerdən qaldırdım”.

Təqsirləndirilən şəxs əlavə edib ki, həmin andan etibarən etdiyi hərəkətin qanunsuz və yolverilməz olduğunu dərk edib, baş vermiş hadisəyə görə peşmanlıq hissi keçirib və oradan uzaqlaşaraq gedib. O, baş vermiş hadisəyə görə dərin təəssüf hissi keçirib, əməlinin yanlış olduğunu tam şəkildə qəbul edib.

İş üzrə zərərçəkmiş Firəngizin sözlərinə görə, məlum hadisədən əvvəl, gecə yataq otağında olarkən onun mobil telefonuna iş yerindən mesaj gəlib: “Nəsir həmin mesajın kim tərəfindən göndərildiyini soruşdu. Mən isə mesajın iş yerindən gəldiyini bildirdim. Buna baxmayaraq, Nəsir qısqanclıq zəminində əsassız mübahisə yaratdı. Həmin gün saat 11 radələrində aramızda yaranmış mübahisə səbəbindən evi tərk etdim və qohumum Vəfanın evinə getdim”.

Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü, günorta saatlarında qızı Nuray ilə əlaqə saxlayaraq işə gedib-gəlmək üçün geyimlərini gətirməsini xahiş edib:

“Qızım həmin gün günorta saatlarında tələb olunan geyimləri gətirdi. Həmin gün işə getmək məqsədilə saat 16 radələrində “Əl-Riyad” ticarət mərkəzinin yaxınlığında yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxdığım zaman Nəsirin həmin evin qarşısında dayandığını gördüm. O, mənə yaxınlaşaraq söhbət etmək istədiyini bildirdi. Onun davranışından peşman ola biləcəyini düşündüyüm üçün ilkin olaraq buna etiraz etmədim”.

Zərərçəkmişin sözlərinə görə, daha sonra birlikdə söhbət edə-edə “Misir parkı” istiqamətində hərəkət ediblər:

“Söhbət zamanı ailədaxili münasibətlərimizlə bağlı yaranmış narazılıqlar müzakirə olundu. Bu zaman Nəsir yenidən gecə saatlarında mənə göndərilmiş mesaj barədə suallar verdi, aramızda sözlü mübahisə yarandı. Mübahisə zamanı Nəsir qəfil olaraq saçlarımdan tutaraq dartdı. Daha sonra bir dəfə üzümün sağ nahiyəsinə şillə vurdu. Bu zərbə nəticəsində müvazinətimi itirərək yerə yıxıldım. Yerdə olduğu zaman əlimə və belimə təpik zərbəsi endirdi”.

Zərərçəkmiş bildirib ki, Nəsirin ona qarşı törətdiyi hərəkətlərdən ciddi şəkildə narahat olub və əsəbiləşərək polis orqanına müraciət etmək qərarına gəlib, bununla əlaqədar olaraq hadisə yerini tərk edərək Abşeron Rayon Polis İdarəsinə müraciət edib. O, ifadəsinin sonunda təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az