Azərbaycanda gənclərin karyera seçimində dövlət və özəl sektor arasında seçim məsələsi aktuallığını qoruyur. Dövlət sektoruna üstünlük verənlər əsasən iş sabitliyi və sosial təminatları önə çəkirlər. Özəl sektor isə daha yüksək gəlir, sürətli karyera yüksəlişi və peşəkar inkişaf imkanları ilə fərqlənir.
Azərbaycanda gənclərin karyera seçimində dövlət və özəl sektorun üstünlükləri tez-tez müqayisə olunur. Dövlət sektoru daha çox sabitlik və təminatla, özəl sektor isə gəlir və karyera imkanları ilə fərqləndirilir.
Bəs 25 yaşlı gənc üçün hansı sektor daha perspektivlidir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Məmməd Talıblı bildirib ki, bunun da əsas səbəbi özəl sektorun ÜDM-də payının 81 faiz olmasına baxmayaraq, insanların böyük əksəriyyətinin həmin 19 faizlik azlıqda olan dövlət sektoruna maraq göstərməsidir.

Onun sözlərinə görə, gənclər buna “təhlükəsizlik çətiri” kimi baxırlar: sabit gəlir, karyera perspektivləri və s.
“Xarici təcrübədə biz görürük ki, məsələn, yaxşı hüquqşünas gedib dövlət qurumlarında prokuror, hakim işləməyə çox da meyl etmir. Əgər o, həqiqətən peşəkar hüquqşünasdırsa, öz vəkillik fəaliyyətini quracaq və daha populyar vəkillik bürolarında çalışacaq. Özünün peşəkarlığına daha az inanan isə gedib dövlət qurumlarında, bürokratiyanın içində çalışır. Yüksək ixtisaslı hüquqşünas isə tamamilə başqa karyera yolu tutur.
O ki qaldı 25 yaşlı gəncin seçim meyarlarına, mən tövsiyə edərdim ki, gənclər yüksək əməkhaqqı və gəlirin arxasınca getməkdən daha çox, hansı sahədə uzunmüddətli möhkəmlənə biləcəklərini seçsinlər. O, işinin peşəkarı olsun, pul sonradan özü onun arxasınca gələcək. Əgər o, yalnız pulun arxasınca getsə, pulun onu tapmasına mən şübhə edirəm. Məşhur filosoflardan birinin belə bir fikri var: “Xoşbəxtlik haqqında çox düşünən insanların xoşbəxt olmağa vaxtları çatmır”, - deyə iqtisadçı fikrini tamamlayıb.


