Bərdə rayonunda iki qardaşın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Bərdə rayonunun kəndlərindən birində baş verib. 1984-cü il təvəllüdlü Tahir kənddə yerləşən evlərində qardaşı Əli (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı o, qardaşının baş nahiyəsinə və sifət nahiyəsinə qəsdən bir neçə dəfə yumruqla vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bərdə Rayon Məhkəməsində aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin qardaşı ilə barışdığı məlum olub. O da qardaşına qarşı şikayətçi olmadığını deyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilib.


