Kriminal Özəl

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bərdə Rayon Mərkəzi Xəstəxanasının həyətində dava salan gənc oğlanla bağlı qərar verilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tərtər rayon sakini, 2000-ci il təvəllüdlü Bədəl orta dərəcəli sərxoş vəziyyətdə bacısı Rəqsanənin (adlar şərtidir – red.) şəkərli diabet xəstəsi kimi stasionar müalicə aldığı Bərdə Rayon Mərkəzi Xəstəxanasının həyətinə gəlib. O, bacısının komatoz vəziyyətə düşməsinə görə yanına keçmək istəyərkən buna icazə vermədikləri üçün xəstəxananın gözətçisi Vaqif ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Bu zaman Bədəl digər gözətçi Afiqin onun üzərinə qışqırmasına görə əsəbiləşib və özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilməyən turist bıçağı ilə onu vurub.

Bədəlin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Bədəl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, məlum hadisə günü, səhər saat 10 radələrində Aqrar Tikinti Səhmdar Cəmiyyətinin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən anbarında işdə olarkən anası Bahar zəng edib və bacısı Rəqsanənin komaya düşdüyünü, xəstəxanaya gətirildiyini bildirib:

“Bundan sonra iş yerimdən icazə alaraq dayım oğlu Tapdıq ilə Bərdə rayonuna yola düşdük. Lakin birlikdə Tərtər rayonunun kəndinə getdik. Kənddəki mağazadan 2 ədəd 500 qramlıq pivə və 1 ədəd 450 qramlıq spirtli energetik içki aldıq. Bundan sonra yaşadığım evin yaxınlığında olan yarımçıq tikilidə kolbasa yeyərək həmin içkiləri içdik. Xəstəxanaya getdikdən sonra bacımın yanına girmək istəyərkən dayım oğlu məni getməyə qoymadı. Orada səs-küy yarandığından xəstəxananın mühafizəçisi yaxınlaşdı və səs-küy salmamağımı bildirdi. Ona bacımın komaya düşdüyü üçün yanına getmək istədiyimi dedim. Vaqif məni bacımın yanına buraxmayacağını bildirdi. Mən də bacımın bu hala düşdüyünə əsəbləşdiyimdən yumruqla bir dəfə onun sol sifət nahiyəsinə vurdum. Dalaşmağımızı görən qohumlarımız gələrək bizi aralaşdırdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra xəstəxananın digər mühafizəçisi Afiq gələrək ona yaxınlaşıb və nə baş verdiyini soruşub, onun üstünə qışqıraraq kobud danışıb:

“Buna görə də əsəbləşdim və bıçaqla Afiqin sol kürək nahiyəsindən vurdum. Ona bıçaqla vurduqdan sonra bizi aralaşdırdılar. Daha sonra polis əməkdaşları gələrək məni polis şöbəsinə apardılar. Həmin vaxt spirtli içki qəbul etdiyimdən sərxoş olmuşam. Afiqə bir dəfə bıçaq zərbəsi ilə xəsarət yetirmişəm. Anam və bacım hadisə yerində olublar. Afiqə qarşı heç bir nalayiq ifadə işlətməmişəm”.

Təqsirləndirilən şəxs ifadəsində tutduğu əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmişin ona qarşı şikayəti və tələbinin olmadığını deyib.

Bərdə Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Fariz Məlikli

D
demokrat.az