Kriminal Özəl

Həm borclu qaldı, həm də söydü, sonra da polis çağırdı — Məhkəmə

Həm borclu qaldı, həm də söydü, sonra da polis çağırdı — Məhkəmə

Ağcabədi rayonunda qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağcabədi şəhəri, E.İsmayılov küçəsində baş verib. 1983-cü il təvəllüdlü Muxtar yaşadığı ünvanda həyətdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qonşusu Elşəni bir dəfə sol göz nahiyəsinə qəsdən yumruqla vuraraq ona xəsarətlər yetirib.

Muxtarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qonşusu Elşən ilə əvvəllər mehriban olub, aralarında heç bir ədavət və düşmənçilikləri olmasa da, lakin son günlər pul üstündə narazılıqları yaranıb:

“Bir neçə gün əvvəl Elşən yeni açdığım kafeyə gələrək bir neçə bakal pivə içdi və pivə məzələri yeyərək pulunu axşama çatdıracağımı dedi. Sonra oradan getdim. Lakin Elşən pulu gətirərək vermədiyi üçün onun istifadəsində olan mobil telefona zəng edərək pulu tələb etdim. Həmin gün təxminən saat 18 radələrində yaşadığım evin qarşısında küçədə dayanmışdım. Həmin vaxt Elşənin piyada gələrək evimin qarşısından keçdiyini gördüm. Elşənə irad bildirdim, pulu tez bir zamanda gətirməsini söylədim və həyətimə getdim”.

Təqsirləndirilən şəxs deyib ki, həmin vaxt Elşən də arxasınca həyətinə daxil olub və nalayiq ifadələr işlətməyə başlayıb:

“Onun bu cür hərəkətlərindən əsəbiləşdiyim üçün aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı ona yaxınlaşaraq bir dəfə yumruqla sol göz nahiyəsinə zərblə vurdum. Həmin vaxt Elşənin xəsarət aldığını gördüm. Bundan sonra Elşən heç bir söz demədən əlini sifətinə tutaraq getdi. Sonradan barəmdə şikayət etdiyini eşitdim. Elşən ilə aramızda olan dava-dalaş təxminən 1 dəqiqə davam etdi. Elşəni həyətimdə vurmuşam, həmin vaxt yanımızda heç kim olmayıb”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini, onunla barışdığını, zərərçəkənin ona qarşı hər hansı bir şikayət və tələbinin olmadığını deyib.

Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az