Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. Anası da rəsmi şəkildə körpədən imtina edib.
Demokrat.az-a bu barədə açıqlama verən ginekoloq Elnurə Salmanova belə halların ən çox səhlənkarlıq nəticəsində baş verdiyini söyləyib:
“Ya hamilə qadın konsultasiyalara, ginekoloji konsultasiyalara və müayinələrə vaxtında getmir, ya da bu müayinələrdən boyun qaçırır. Çox nadir hallarda həkim səriştəsizliyi ola bilər ki, belə böyük bir problemi gözdən qaçırsınlar. Çünki hamiləlik boyunca ən azı üç dəfə detallı müayinə aparılır. Yəni USM-in hər hamilə üçün üç dəfə – birinci, ikinci və üçüncü trimestrdə aparılması nəzərdə tutulur. İkinci trimestrdə aparılan müayinə çox vacibdir, birinci trimestrdəki müayinə də eyni şəkildə əhəmiyyətlidir. Çünki bu müayinələr zamanı bütün əzaların, orqanların yerində olub-olmaması haqqında məlumat əldə edirik. Beynin inkişafı barədə isə ikinci trimestrdə daha geniş məlumat alırıq. Yəni hər hansı bir defekt olduqda, bu trimestrlərdə mütləq şəkildə görünür.
Ginekoloq əlavə edib ki, genetik qüsurlar və yaxud əqli qüsurlar müayinələr zamanı görülməyə bilər:
“Amma əl-ayağın olmaması elə böyük bir anomaliyadır ki, bunu həkim tərəfindən gözdən qaçırmaq, demək olar ki, mümkünsüzdür. Mən düşünürəm ki, bu, xəstənin səhlənkarlığı ilə bağlıdır. Çünki böyük ehtimalla, xəstə müayinələrə vaxtında getməyib və USM müayinələrindən keçməyib”.


