Cəmiyyət Özəl

4 ildə 93 min uşağın taleyi dəyişib — Psixoloqdan xəbərdarlıq

4 ildə 93 min uşağın taleyi dəyişib — Psixoloqdan xəbərdarlıq

2021–2025-ci illərdə ümumilikdə 93 083 uşaq valideynlərinin boşanmasından sonra onlardan biri ilə yaşamağa davam edib. Bu statistika fondunda tək valideynin uşağın emosional ehtiyaclarını necə qarşılamalı olduğu sualı yaranır.

Psixoloq Zümrüd Əsədova Demokrat.az-a bildirib ki, bir valideyn bütöv ailənin yoxluğunu tam əvəz edə bilməsə də, uşağın bu itkini sağlam keçirməsinə kömək edə bilər.

“Amma bunu tam əvəzləmək kimi yox, uşağın yaşadığı itki hissini sağlam şəkildə keçirməsinə və həyatını yenidən qurmasına dəstək olmaq kimi düşünmək lazımdır. Çünki uşağın ehtiyacı sadəcə evdə iki nəfərin olması deyil. Onun əsas ehtiyacı emosional təhlükəsizlikdir. Uşaq özünü sevilən, eşidilən, qorunan və dəyərli hiss etməlidir. Əgər uşaq hər gün valideynlər arasında münaqişənin, gərginliyin və ya soyuqluğun içində yaşayırsa, iki valideynin eyni evdə olması belə onun üçün sağlam ailə mühiti yaratmaya bilər. Bəzən insanlar “uşaq üçün ailəni qorumaq lazımdır” deyəndə yalnız nikahın davam etməsini nəzərdə tuturlar. Amma burada ailə anlayışına bir qədər daha geniş yanaşmaq lazımdır. Ailə yalnız bir evdə yaşamaq deyil. Ailə uşağın həyatında məsuliyyət, qayğı, sevgi və münasibətlərin davamlılığıdır. Boşanmadan sonra uşaq valideynlərdən biri ilə yaşayırsa, bu, digər valideynin uşağın həyatından çıxması demək olmamalıdır. Əlbəttə, hər vəziyyət eyni deyil. Əgər zorakılıq, təhlükə və ya uşağın mənafeyinə zərər verən başqa hallar varsa, ilk növbədə uşağın təhlükəsizliyi qorunmalıdır. Amma təhlükəsiz və sağlam münasibət mümkündürsə, uşağın hər iki valideynlə əlaqəsinin davam etməsi onun emosional inkişafı üçün çox önəmlidir. Ən böyük səhvlərdən biri isə uşağı valideynlər arasındakı münasibətin mərkəzinə qoymaqdır. Uşaq atasının anası, yaxud anasının atası haqqında dediklərini eşitməməlidir. O, valideynlərindən birini seçməyə məcbur edilməməlidir. Çünki uşaq üçün həm ata, həm də ana onun özünün bir hissəsidir. Valideynlərdən birini pisləmək çox vaxt uşağın özünə qarşı da mənfi münasibət formalaşdırmasına səbəb ola bilər”.

Zümrüd Əsədova bildirib ki, uşağın yanında olmayan valideyn də “mən onsuz da uzağam” deyərək məsuliyyətdən çəkilməməlidir:

“Uşağın həyatında iştirak etmək yalnız maddi təminat demək deyil. Onunla danışmaq, onunla maraqlanmaq, məktəbdə nələr baş verdiyini bilmək, xəstələnəndə yanında olmaq, uğuruna sevinmək və çətinliyini dinləməkdir. Bəzən uşağın yaddaşında qalan ən böyük şey bahalı hədiyyə yox, “mənim üçün vaxt ayırdı” hissi olur. Burada bir məqamı da vurğulamaq istəyirəm: uşağın bütün emosional ehtiyaclarını təkbaşına qarşılamaq bir valideyn üçün çox ağır ola bilər. Ona görə də “sən həm ana, həm ata olmalısan” yanaşmasını doğru hesab etmirəm. Valideynin özünü iki nəfərin yerinə qoymağa çalışması yox, uşağın ehtiyaclarını görməsi və lazım gəldikdə dəstək alması daha sağlam yanaşmadır. Çünki uşağın həyatında bir valideynin olması onun mütləq tək qalması demək deyil. Bəzən nənə, baba, müəllim, digər ailə üzvləri və sağlam sosial münasibətlər də uşağın həyatında mühüm dayaq ola bilər. Amma heç biri valideynin məsuliyyətini tam əvəz etmir. Məncə, boşanmadan sonra əsas məqsəd uşağa “bizim ailəmiz dağıldı” hissini yaşatmaq yox, “mənim həyatım dəyişdi, amma mən hələ də sevilirəm və güvəndəyəm” hissini vermək olmalıdır. Və bəlkə də ən vacib məqam budur: uşağa bütöv ailə görüntüsündən daha çox, bütöv münasibət hissi lazımdır. Valideynlər eyni evdə yaşamaya bilər, amma uşaq yenə də hər iki valideynin sevgisini, məsuliyyətini və həyatındakı yerini hiss edə bilər. Əsas məsələ boşanmanın olub-olmaması yox, böyüklərin bu prosesdə uşağın emosional dünyasına necə yanaşmasıdır”.

Fidan Hacızadə

D
demokrat.az