Hava Özəl

Bu ərazidə qum fırtınası müşahidə olunub — Səbəb açıqlandı

Bu ərazidə qum fırtınası müşahidə olunub — Səbəb açıqlandı

Sosial şəbəkələrdə Ələt hava limanı ərazisində qəfil qum fırtınasının başladığını əks etdirən görüntülər yayılıb.

Demokrat.az-a bu barədə açıqlama verən ekoloq Sadiq Həsənov Ələt iqtisadi zonasının bir qədər açıq ərazidə yerləşdiyini və ərazinin böyük hissəsində yaşıllıq örtüyü olmadığını deyib:

“Buna görə də bu cür qəfil küləklərin sürətlə qalxması, 25-30 metrə və daha yuxarıya çatması zamanı atmosferdə təzyiq fərqi yaranır. Eyni zamanda temperatur fərqi də meydana gəlir. Bu təzyiq fərqi nəticəsində birbaşa açıq səhralarda müşahidə olunan qum fırtınası ətrafa yayıla bilər. Çünki ərazi açıqdır və qumsallıq daha çoxdur. Ona görə də belə hava şəraitində bu cür hallar normal qarşılanmalıdır. Düşünürəm ki, bu, lokal xarakterli baş vermiş hadisədir. Bu, düzənlik və yarımsəhra relyefinə malik olan Ələt və ondan sonra Qobustan ərazisi üçün xarakterik xüsusiyyətdir. Bildiyimiz kimi, burada bitki örtüyü kasıbdır, quru, qumlu və gilli sahələr həddindən artıq çoxdur”.

Ekoloq bildirib ki, belə şəraitdə bu cür hadisələrin baş verməsi təbii landşaftla uyğundur:

“Məsələn, orada yaşıllıq zonası, ağaclar və meşəlik olsaydı, bu cür tufanın yaranması mümkün olmazdı. Eyni zamanda, həmin ərazidə çoxlu tikinti işləri gedir. Hava limanının, yük hava limanının tikintisi planlaşdırılıb və burada sürətlə işlər aparılır. İstifadə olunan tikinti materialları da ətraf əraziyə yayıla bilər. Həm qum, həm sement, həm də digər materiallar xırda ölçülü olduğuna görə belə hava şəraitində ətrafa yayıla bilər. Müvafiq tədbirlər görülsə, gələcəkdə bu cür hadisələrin qarşısını almaq mümkün olar. Eyni zamanda nəzərə alaq ki, külək sürətlə, qısa müddət ərzində yüksəlib və artıq hər hansı tədbir görmək üçün zaman qalmayıb. Şimal küləyi, xüsusilə də şimal-qərb küləyi müəyyən qədər qumsallığı qaldırmaq gücünə malikdir”.

Fidan Hacızadə

D
demokrat.az