Kriminal Özəl

Arvadımı xalası oğlunun divanında bıçaqladım — Məhkəmə

Arvadımı xalası oğlunun divanında bıçaqladım — Məhkəmə

Bərdə rayonunda 27 yaşlı kişinin həyat yoldaşını bıçaqlamasının detalları məlum olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 9 sentyabr 2024-cü il tarixdə baş verib.

1999-cu il təvəllüdlü Əfqan həmin gün, gecə saat 2 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində müvəqqəti kirayədə yaşadığı evdə həyat yoldaşı Əsmər (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında yaranan ailə-məişət zəminində mübahisə zamanı arvadının onu təhqir etməsindən əsəbiləşib və üzərində gəzdirdiyi bıçaqla ona zərbələr yetirib.

Əfqanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2024-cü ilin avqust ayında arvadı Əsmərin xalası oğlu Şəminin işlədiyi marketdə onu işə düzəltməsini xahiş edib.

"Arvadım Əsmər, xalası oğlu Şəmi ilə birlikdə Bərdə şəhərində evdə kirayədə qalmışıq. Kirayənin bir hissəsini biz, qalan hissəsini isə Şəmi verib. Arvadımla aramızda mütəmadi mübahisələr olub. Hadisə günü Əsmər mənə zəng edərək kartdan pul göndərməyi dedi. Ona nağd pulu olduğunu, gələrək əlbəəl verəcəyimi dedim. Əsmərin iş yerinə gedərək pulu verdim. Bir neçə gün əvvəl verdiyim 15 manatı neynədiyini soruşdum. O, pulun özündə olduğunu bildirdi. Evə gedəndən sonra zəng edərək pulu hara qoyduğunu soruşdum. Əsmər onu narahat etdiyimi deyərək mübahisə etdi. O, gələrək məni evdən qovacağını, Şəmiyə zəng edərək onu incitdiyimi deyəcəyini dedi”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Şəminin iş yerinə gedib, birlikdə piyada şəhərə dönər yeməyə yollanıblar:

“Yolda Əsmərin hərəkətləri barədə dedim. Şəmi axşam bu barədə danışmağı söylədi. Mən Şəmiyə Əsməri başa salmağı dedim. Sonra Əsmərin işlədiyi marketə getdik. Daha sonra Şəmi evə gələndən sonra hərəmiz öz otağımızda yatdıq”.

Əfqanın sözlərinə görə, Əsmər evə gələndən sonra niyə telefonda onunla mübahisə etdiyini deyib:

“Əsmər isə məndən ayrılacağını söylədi. Axşam Şəminin iş yerinə getdikdə ona yenə Əsmərdən şikayət etdim. Eyni sözləri deyəndə Şəmi yanından getməyimi dedi. Mağazaya gedərək spirtli içki aldım və içdim. Şəmi evə gələndə isə onun ardınca evə girdim. Evə çatanda Şəmini kirayə verən qadının evində olduğunu gördüm. Mən yaşadığımız evə getdim, öz otağımda uzanaraq yatdım. Bir qədər sonra Əsmər və Şəmi də gəldi. Arvadım öz xalası oğlu Şəmiyə yemək bişirdi və birlikdə yedilər”.

Əfqan qeyd edib ki, daha sonra Əsmər öz otaqlarına gəlib, Şəmi isə yuyunmaq üçün hamama gedib:

“Mən də öz otağıma keçərək uzandım. Bu zaman Əsmərin otaqda divanda uzandığını gördüm və onu qucağıma alaraq yanıma, çarpayıya qoydum. Lakin Əsmər əvvəl uzandığı yerə keçdi. Sonra isə digər otağa, xalası oğlu Şəminin otağına getdi. Həmin otağa daxil olaraq mənim üçün yemək bişirməsini istədim. Əsmər məndən ayrılacağını deyərək söydü. Çölə siqaret çəkməyə çıxsam da, Əsmər mənimlə mübahisə etməyə davam etdi. Əsəbiləşərək otağa qayıtdım və uzanmış vəziyyətdə olan arvadımın yan hissəsinə bir neçə dəfə zərbə vurdum, qaçaraq getdim. Evdən çıxdıqdan sonra piyada “pajarnı dairəsi” adlanan yerə gəldim. Taksi sifariş edərək Ağcabədi rayonuna, bacımgilə getdim. Yolda bacım və dayımoğluna zəng edərək Əsməri bıçaqladığımı, polisə gedəcəyimi desəm də, həyəcanlı olduğum üçün təslim olmadım. Bacımgilə çatandan qısa müddət sonra polislər gələrək məni Bərdə Rayon Polis Şöbəsinə apardılar”.

Təqsirləndirilən şəxs deyib ki, arvadı Əsmərə əsəbiləşdiyi, içkili olduğu, mübahisə edərək onu əsəbiləşdirdiyi üçün bıçaqla xəsarət yetirib. Onun sözlərinə görə, bıçağı hadisədən sonra əsəbi olduğu və qorxduğu üçün bıçağı hara atdığını xatırlamır. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib.

İş üzrə zərərçəkmiş Əsmərin sözlərinə görə, əri Əfqanla əvvəlcə Ağcabədi rayonunda, sonra isə işlə bağlı Bərdə şəhərində kirayədə yaşayıb: “Ərim Əfqan və xalam oğlu Şəmi ilə birlikdə kirayədə yaşamışıq. Hadisədən 1 ay əvvəl marketdə satıcı-kassir işlədim. Əfqanla aramızda əvvəllər də ailə-məişət zəminində mübahisələrimiz olsa da, Bərdəyə gələndən sonra daha da artdı. Əfqan heç nədən söz-söhbət salıb, mənimlə mübahisə edib. Mübahisələrimiz ailə-məişət zəminində olub”.

Zərərçəkmiş qeyd edib ki, məlum hadisədən əvvəl, səhər işə gedib:

“Əfqan iş yerimə gələrək mənə 2 manat verəndə əvvəl verdiyi 15 manatı soruşdu. Mən isə həmin pula anama bazarlıq edəcəyimi dedi, pulun kartda olduğunu söylədim. Axşam iş saatı bitəndən sonra evə gəldim. Əfqana ondan ayrılmaq istədiyimi dedim. Buna görə də aramızda mübahisə yarandı. Ev sahibi Mələk də səs-küyü eşitdi və gələrək onları narahat etdiyimizi, evdən çıxaracağını dedi”.

Əsmərin bildirdiyinə görə, sentyabrın 9-da, gecə xalası oğlu Şəmi aldığı kolbasaları bişirib:

"Həmin vaxt Əfqan digər otaqda yatmışdı. Oyandıqdan sonra Əfqan yenə mübahisə edəndə boşanacağını dedi. Xalam oğlu evin həyətindəki hamama getdi. Əfqana ayrılacağımızı dedikdən sonra o, çölə siqaret çəkməyə çıxdı. Özüm Şəminin otağında uzandım. Bu zaman qəflətən yan tərəfimdən zərbə dəydiyini hiss etdim və Əfqan əlindəki bıçaqla mənə zərbələr vurdu, sonra hadisə yerindən qaçdı. Mən yavaş-yavaş həyətə düşən pilləkənə tərəf getdim, hamamda olan Şəmini köməyə çağırdım. O, gələrək mənə kömək etdi və dərhal təcili tibbi yardıma zəng etdi. Həkimlər gələrək məni xəstəxanaya apardılar”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfqan 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və ona təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilib.

Fariz Məlikli

D
demokrat.az