İlon Maskın “X” platforması ilə “Twitter” adını yenidən istifadə etmək istəyən “Operation Bluebird” arasındakı əmtəə nişanı mübahisəsində məhkəmə “X”in lehinə qərar verib. Baş hakim Kolm Konolli şirkətin əvvəlki “Twitter” brendindən tamamilə imtina etmədiyi qənaətinə gəlib və müvəqqəti rədd qərarı çıxarıb. Bununla da məhkəmə prosesi başa çatana qədər “Operation Bluebird”ün yeni tətbiqində “Twitter” adından istifadə etməsinin qarşısı alınıb.
Demokrat.az xəbər verir ki, qərarda xüsusilə “Apple App Store”dakı tətbiq təsviri diqqət çəkib. “X” tətbiqinin təsvirində yer alan “X-ə xoş gəlmisiniz (əvvəlki adı Twitter)” ifadəsi məhkəmə tərəfindən brendin hələ də istifadə olunduğuna dair mühüm sübut kimi qiymətləndirilib.
“X”in hüquq direktoru Naser Baseer bu ifadənin qəsdən istifadə edildiyini bildirib. Məqsəd platformanın əvvəlki adını axtaran istifadəçilərin də “X” tətbiqinə yönəlməsini təmin etmək olub. Məhkəmənin qənaətinə görə, bu istifadə “X”in “Twitter” brendinin tanınmışlığından və istifadəçilərin ona olan etimadından hələ də faydalandığını göstərir.
Bu qiymətləndirmə “X”in əmtəə nişanının pozulması və brendin nüfuzunun zəiflədilməsi ilə bağlı iddialarında uğur qazanmaq ehtimalını artırıb. Buna görə də “Operation Bluebird”ün “Twitter” adından istifadə edərək tətbiqini bazara çıxarmasının qarşısının alınması məqsədəuyğun hesab edilib.
Məhkəmə “X”in “tweet” sözü və “Twitter”in quş loqosu üzərindəki əmtəə nişanı hüquqları ilə bağlı isə fərqli qərar qəbul edib. Maskın keçmişdə bu ad və simvollardan zaman keçdikcə imtina ediləcəyinə dair açıqlamaları da nəzərə alınıb.
Hakim Konolli şirkətin bu elementlərdən yenidən istifadə etmək niyyətinin olmadığı qənaətinə gəlib. “X”in rebrendinq zamanı geridə qalan köhnə internet səhifələrini, aktiv olmayan sosial media hesablarını və təchizatçılara məxsus elektron məktubları brenddən istifadəyə dair sübut kimi təqdim etməsi də məhkəmə tərəfindən kifayət hesab edilməyib.
Qərardan sonra “Operation Bluebird” tərəfi də yeni addım atıb. Şirkət tətbiqinin adını “Tweet.App” olaraq dəyişdirdiyini açıqlayıb və üzvlük əsaslı platforma üzərində işlərini bu adla davam etdirəcəyini bildirib.
Jalə Demokrat.az

