Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Mətanət Məmmədova deyib.“Şuşa və işğaldan azad edilmiş digər ərazilərimiz sıradan turizm məkanları deyil. Bu torpaqlara hər addım atarkən onların hansı ağır bədəllə azad edildiyini xatırlamalıyıq. Həmin ərazilərin hər qarışı şəhidlərimizin qanı, hərbçilərimizin fədakarlığı və qazilərimizin həyatında daşıdığı ağrılarla bağlıdır. Buna görə də həmin yerlərdə davranışımıza xüsusi diqqət yetirmək vacibdir.
Xüsusilə Şuşanın mənəvi və tarixi əhəmiyyəti olduqca böyükdür. Bu şəhərin azadlığı uğrunda canından keçən insanların xatirəsi hər birimiz üçün əzizdir. Bu baxımdan qayaların, daşların və digər təbii səthlərin üzərinə müxtəlif adların yazılması sadəcə görüntünü korlayan hərəkət deyil. Bu cür davranış həm də həmin məkanın daşıdığı mənəvi yükə qarşı məsuliyyətsiz münasibət deməkdir”.

Onun sözlərinə görə, şəhidlərimizin adlarını əbədiləşdirmək üçün təsadüfi yerlərdə yazılar yazmağa ehtiyac yoxdur:
“Azərbaycanda onların xatirəsinə yaradılmış memoriallar, abidələr, parklar və xiyabanlar var. Bu məkanlar şəhidlərin adlarını gələcək nəsillərə çatdırmaq üçün daha layiqli və düzgün vasitələrdir.
Digər tərəfdən, Şuşa bu gün dünyanın müxtəlif ölkələrindən insanların ziyarət etdiyi şəhərlərdən biridir. Buraya gələn turistlər, jurnalistlər və digər qonaqlar gördükləri mənzərələri foto və video vasitəsilə paylaşırlar. Buna görə də tarixi şəhərin görünüşünə xələl gətirən hər bir davranış yalnız həmin anla məhdudlaşmır, ölkəmiz haqqında formalaşan təsəvvürə də təsir göstərə bilər.
Əslində, oxşar halların mənfi nəticələrini başqa ölkələrdə də görmək mümkündür. Müxtəlif şəhərlərdə binaların, tarixi tikililərin və ictimai məkanların üzərinə çəkilən icazəsiz qrafitilər həmin ərazilərin görünüşünü ciddi şəkildə dəyişir. Azərbaycanda da Nizami Kino Mərkəzinin binasında baş vermiş oxşar hadisə cəmiyyətdə ciddi narazılığa səbəb olmuşdu. Bu nümunələr göstərir ki, ictimai və tarixi obyektlərə şəxsi iz qoymaq xatirə yaratmaq deyil.
İnsan hansısa hərəkəti etməzdən əvvəl onun nəticəsini düşünməlidir. Xüsusilə şəhidlərin xatirəsi, tarixi məkanlar və milli-mədəni irslə bağlı məsələlərdə məsuliyyət hissi daha yüksək olmalıdır. Vətənə sevgi yalnız sözlərlə deyil, onun torpağına, tarixinə, abidələrinə və mənəvi dəyərlərinə münasibətlə də nümayiş olunur.
Şuşada və digər azad edilmiş ərazilərdə hər birimizin əsas vəzifəsi həmin məkanları qorumaq, onların tarixi simasına hörmətlə yanaşmaq və gələcək nəsillərə olduğu kimi çatdırmaqdır. Şəhidlərin xatirəsinə ən böyük ehtiram onların adını daşlara yazmaq deyil, onların uğrunda can verdikləri Vətəni qorumaq və onun dəyərlərinə sahib çıxmaqdır”.
Xatırladaq ki, Şuşaya səfər edən bəzi turistlərin qaya daşlarının üzərinə müxtəlif yazılar yazması şəhərin tarixi və mədəni irsinin qorunması məsələsini yenidən gündəmə gətirib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib ki, bu cür hallar ilk dəfə deyil. Aparılan maarifləndirmə işlərinə və cərimələrin tətbiqinə baxmayaraq, analoji halların davam etməsi narahatlıq doğurur.
Şuşa kimi tarixi əhəmiyyət daşıyan şəhərdə qaya və daşların üzərinə yazı yazılması həm şəhərin ümumi görünüşü, həm də mədəni irsin qorunması baxımından narahatlıq doğurur. Qoruq İdarəsi vətəndaşları belə halların qarşısının alınmasında daha məsuliyyətli olmağa çağırıb.


