Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə “Sabah” Futbol Klubuna UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 5 milyon manat maliyyə dəstəyi ayrılıb.
Futbol eksperti Arif Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə futbola diqqət artıb:
“Xüsusilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən U-21-lərin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi, daha sonra U-15-lər üzrə ilk dəfə FIFA Dünya Çempionatının Bakıda keçirilməsi buna sübutdur. Klub futbolunda da artımlar göz önündədir. Qısa müddətdə “Sabah” kimi gənc bir klubun gəlib Çempionlar Liqasının qrupuna düşməsi ölkəmiz, Azərbaycan futbolu və klub futbolu adına böyük uğurdur. İkinci bir tərəfdən, klublarımız uğur qazandıqda cənab Prezident onları xüsusi mükafatlandırır və diqqət yetirir ki, uşaq futbolunu, klub futbolunu daha da inkişaf etdirsinlər. “Sabah” klubunun bu addımı da alqışa layiqdir. Belə ki, ölkə Prezidenti tərəfindən verilən mükafatın üzərinə əlavə edərək, məbləği 10 milyon manata çatdırması və bunu sırf uşaq futboluna yönəltməsi bu klubun geniş düşüncəsini və strategiyasını göstərir”.
Ekspert qeyd edib ki, bu, klubun təkcə A komandasını deyil, uşaq futbolunun inkişafını da düşündüyünü təsdiq edir:
““Sabah” klubu ilk yarandığı gündən akademiyasına da diqqət yetirir. Hər zaman orada müxtəlif yaş qruplarında öndə getdiyini görürük. Müxtəlif yaş qruplarını beynəlxalq oyunlara və turnirlərə göndərdiyinin şahidiyik. Bu addım bir daha bu komandanın, bu klubun Azərbaycan futbolunu düşündüyünü göstərir. Mən bunu alqışlayıram. Əsas məsələ odur ki, bunun nəticəsini görək. Təbii ki, uşaq futbolu elə bir sahədir ki, bunun üçün zaman lazımdır. İndi qoyulan investisiyanın bəhrəsini bir müddət sonra görə bilərik. Bu, digər klublarımız üçün də bir nümunədir ki, onlar uşaq futboluna daha çox diqqət yetirsinlər. AFFA tərəfindən də uşaq futboluna böyük diqqət ayrılır. Məsələn, klublara maddi yardım göstərilərkən 2,5 milyon manatlıq yardımın 500 min manatı uşaq futboluna ayrılır ki, klublarımız bu sahəyə daha çox diqqət yetirsinlər. Dediyim kimi, son zamanlar milli komandada da bu istiqamətdə diqqət artırılıb. Bunu AFFA-nın prezidenti Rövşən Nəcəf də öz çıxışlarında, o cümlədən konfransda qeyd edib. Baş katib Cahangir müəllim də aşağı yaş qruplarına diqqətin artdığını bildirib. Yaxın zamanda hollandiyalı mütəxəssisin Azərbaycana gəlməsi və milli komandaların strukturunda yeni bir quruluşun yaradılması gözlənilir”.
Qeyd edək ki, "Sabah" futbol klubu uşaq futbolunun davamlı inkişafını təmin etmək məqsədilə 10 milyon manatlıq yeni proqram yaradacaq. Klubdan AzərbaycanPrezidentiİlham Əliyevin27 avqust 2026-cı il tarixli Sərəncamı ilə "Sabah" FK-ya UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə beş milyon manat maliyyə dəstəyi ayrıldığıbildirilib.
"Sabah" FK isə bu vəsaitə əlavə olaraq öz vəsaitindən beş milyon manat ayırmaq qərarına gəlib. Beləliklə, "Sabah Football Academy Future Talents" - "Sabah Futbol Akademiyası Gələcəyin İstedadları" proqramının ilkin kapitalının 10 milyon manat olması nəzərdə tutulur.


