İlk olaraq badımcanlar zolaqlı şəkildə soyulur və uzununa nazik dilimlənir. Acılığının çıxarılması üçün duzlu suda 15-20 dəqiqə saxlanılır. Daha sonra suyu süzülüb qurudulur və duru yağda hər iki tərəfi yüngül qızarana qədər qızardılır.
Demokrat.az xəbər verir ki, köftənin hazırlanması üçün qiyməyə sürtgəcdən keçirilmiş soğan, yumurta, çörək qırıntısı, əzilmiş sarımsaq, duz, istiot, pul bibər və kimyon əlavə edilərək yaxşıca yoğrulur.
Qarışıqdan kiçik hissələr götürülərək yumru köftələr hazırlanır və az miqdarda yağda yüngülcə qızardılır.
Daha sonra iki badımcan dilimi bir-birinin üzərinə “X” formasında yerləşdirilir. Ortasına bir köftə qoyulur və badımcan dilimlərinin kənarları köftənin üzərinə qatlanır. Hazırlanan bağlamaların üzərinə pomidor və yaşıl bibər dilimi qoyulur. Açılmaması üçün diş çöpü ilə bərkidilir.
Köftəli badımcanlar soba üçün nəzərdə tutulmuş qaba düzülür. Ayrı qabda pomidor pastası isti su, duz və istiotla qarışdırılaraq sous hazırlanır və yeməyin üzərinə əlavə edilir. Daha sonra qaba əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobaya yerləşdirilir və təxminən 25-30 dəqiqə bişirilir.
Hazır köftəli islim kababı isti halda süfrəyə verilir. Yeməyin yanında plov və ya qatıq təqdim etmək mümkündür. Badımcan və köftənin möhtəşəm vəhdətindən hazırlanan köftəli islim kababı türk mətbəxinin süfrələrdə özünəməxsus yer tutan yeməklərindəndir. Görünüşü ilə iştaha açan bu təam həm ailə üçün gündəlik nahar və ya şam yeməyində, həm də qonaq süfrəsində təqdim oluna bilər.


