Bakı Metropolitenində sərnişindaşımanın təhlükəsizliyi və hərəkətin idarə olunması baxımından mühüm yenilik gözlənilir. Metroda siqnalizasiya sisteminin yenilənməsi üçün 302 milyon dollar dəyərində layihənin həyata keçirilməsi nəzərdə tutulur.
Bakı metrosunda siqnalizasiya sisteminin 302 milyon dollarlıq layihə çərçivəsində yenilənməsi sərnişinlərin təhlükəsizliyinə və qatarların hərəkət intervalına hansı dəyişiklikləri gətirəcək?
Nəqliyyat eksperti Rüfət Əmiraslanov Demokrat.az-a açıqlamasında deyib ki, Bakı Metropolitenində siqnalizasiya sisteminin yenilənməsini həm təhlükəsizlik, həm də sərnişindaşımanın səmərəliliyinin artırılması baxımından mühüm layihədir:

“Müasir siqnalizasiya sistemi qatarların mövqeyinin və hərəkətinin daha dəqiq idarə olunmasına, qatarlar arasında təhlükəsiz məsafənin qorunmasına və mümkün risklərə daha operativ reaksiya verilməsinə imkan yaradacaq. Bu isə metroda təhlükəsizlik səviyyəsinin yüksəlməsinə xidmət edəcək”.
Onun sözlərinə görə, eyni zamanda, sistemin üstünlüklərindən biri qatarlararası hərəkət intervalının optimallaşdırılmasıdır:
“Qatarların təhlükəsiz məsafəni qorumaqla daha sıx hərəkət etməsi pik saatlarda xəttin buraxılış qabiliyyətini artırmağa və daha çox sərnişinin daşınmasına imkan verə bilər. Bu, xüsusilə sərnişin sıxlığının yüksək olduğu vaxtlarda gözləmə müddətinin azalması baxımından mühüm üstünlükdür. Burada əsas prinsip ondan ibarətdir ki, intervalın azaldılması təhlükəsizlik hesabına deyil, məhz daha müasir və etibarlı siqnalizasiya sistemi hesabına həyata keçirilməlidir. Məncə, layihənin əsas uğuru da təhlükəsizliyi qorumaqla daha sıx, stabil və səmərəli qatar hərəkətinin təmin edilməsində olacaq”.


