“Şuşa şəhəri son illərdə turizmin simvollarından birinə çevrilsə də, 2020-ci ilə qədər bizim yaddaşımızda tamam başqa mənəvi yük daşıyırdı. Bu şəhər hər birimiz üçün qan yaddaşı, itirilmiş yurd hissi və uzun illər qəlbimizdə iz buraxmış xatirələrlə bağlı coğrafi məkan idi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında II Qarabağ müharibəsi veteranı Valeh İsayev deyib.
Onun sözlərinə görə, bu gün Şuşanın yenidən ziyarətçilər üçün şəhəri görmək, onun tarixi relyefi ilə tanış olmaq və təbiətindən zövq almaq imkanı yaratması, əlbəttə, çox sevindirici haldır:
“Lakin düşünürəm ki, Şuşaya səfər edən hər bir insan bu şəhərin yalnız gözəlliyini deyil, onun daşıdığı tarixi və mənəvi məsuliyyətini də nəzərə almalıdır. Qayaların, daşların və ya tarixi səthlərin üzərinə ad yazmaq sizin üçün adi görünə bilər. Ancaq unutmayın ki, bütün bunları edərək, əslində, həmin tarixi məkanın imicinə, təbiiliyinə zərər verirsiniz”.
Qazi əlavə edib ki, Şuşada xatirə qoymaq, oradakı qayaların üzərinə ad və sair kimi şeyləri yazmaqla ölçülə bilməz:
“Unutmayın ki, Şuşada ən böyük xatirəni 2020-ci ildə Azərbaycan əsgəri qoyub. Hansı ki, hələ də qayalarda, zirvələrdə olan güllə, qəlpə izləri bu xatirələrin ən böyük sübutudur. Onlar isə ora adını yazmaqla bütün bu mirası istəmədən də olsa, məhv ediblər. Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, turizm şirkətləri və bələdçilər bu mövzuda maarifləndirmə məqsədilə müəyyən xidmətlər göstərə bilər. İnsanlar hansısa hərəkətin niyə yolverilməz olduğunu başa düşdükdə, həmin qaydaya əməl etmək də daha asan olur”.
Qeyd edək ki, Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova qurumun adından ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil: “Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq”.


