Sentyabrın gəlişi ilə yay aylarında formalaşan gündəlik ritm dəyişir, iş və təhsil rejiminə qayıdış başlayır. Yeni dərs ili, artan məsuliyyətlər və əvvəlki rutinə uyğunlaşmaq ehtiyacı bəzi insanlarda motivasiya və yeni başlanğıc hissi yaratsa da, digərlərində stress və narahatlığa səbəb ola bilər. Psixoloqlar da yay tətilindən sonra iş və təhsil rejiminə keçidin müəyyən insanlar üçün gərginlik yarada biləcəyini qeyd edirlər.
Bəs sentyabrda gündəlik rejimin dəyişməsi insanın psixoloji vəziyyətinə necə təsir edir? Niyə eyni dövr bir insan üçün motivasiya və yenilənmə, digəri üçün isə stress və narahatlıq mənbəyinə çevrilir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, insanlar çox vaxt təbiətdəki dəyişiklikləri öz həyatlarını dəyişmək üçün bir bəhanəyə çevirirlər.

Onun sözlərinə görə, sentyabr da bunun üçün ən güclü simvollardan biridir:
"Yeni mövsüm, yeni iş rejimi, yeni tədris ili və yeni başlanğıc hissi yaradır. Bu baxımdan sentyabr bir çox insan üçün sadəcə təqvimdə yeni ay deyil, həm də həyatın müəyyən mənada yenidən təşkil olunması dövrüdür. Uzun yay fasiləsindən sonra gündəlik məsuliyyətlərin artması, əvvəlki rejimə qayıdış və qarşıdakı dövr üçün yeni planların qurulması insanda dəyişiklik ehtiyacını daha qabarıq şəkildə ortaya çıxara bilər. Təbiətin dəyişməsi insana psixoloji təsir göstərə bilər, amma insanın düşüncələri təbiətin ritmi ilə avtomatik tənzimlənmir. Əsas məsələ insanın öz reallığı ilə münasibətidir. Əgər insan həyatında dəyişmək istədiyi, lakin dəyişdirə bilmədiyi məqamlarla üzləşirsə, sentyabrın gətirdiyi yeni rejim bu daxili narahatlığı daha da görünən edə bilər. Bu zaman motivasiya əvəzinə stress, təşviş və depressiv əhval yarana bilər.
Məsələn, yay aylarında insan müəyyən problemlərdən, iş yükündən və gündəlik məsuliyyətlərdən qismən uzaqlaşa bilər. Lakin sentyabrın gəlişi ilə həmin məsuliyyətlər yenidən gündəmə gəlir. İşə qayıdış, dərslərin başlaması, vaxt bölgüsünün dəyişməsi və gündəlik həyatın sürətlənməsi insanı öz real vəziyyəti ilə daha yaxından üz-üzə qoyur. Belə vəziyyətdə yaranan narahatlığın səbəbi təkcə sentyabrın özü deyil, insanın həmin dövrdə qarşılaşdığı həyat şərtləri və bu şərtlərə verdiyi emosional reaksiyadır.
Eyni zamanda, sentyabr hər kəs üçün mənfi hisslərlə müşayiət olunmur. Bəzi insanlar üçün bu dövr yeni məqsədlər müəyyənləşdirmək, yarımçıq qalan işlərə yenidən başlamaq, həyat tərzində dəyişiklik etmək və özünü daha motivasiyalı hiss etmək üçün fürsət yaradır. İnsan bəzən təqvimdə yeni bir mərhələnin başlamasını daxili yenilənmə üçün psixoloji stimul kimi qəbul edir. Yəni eyni tarix və eyni mövsüm müxtəlif insanlarda tamamilə fərqli emosional reaksiyalar yarada bilər".
Rövşən Nəcəfov əlavə edib ki, burada əsas məsələ də insanın sentyabrı necə qəbul etməsidir.
"Əgər sentyabr yalnız “hər şeyə yenidən başlamalıyam” təzyiqi kimi qəbul edilirsə, bu, əlavə stress yarada bilər. Əksinə, yeni başlanğıc anlayışı insanın özünə qarşı real gözləntilərlə, mərhələli planlarla və dəyişiklikləri bir anda deyil, tədricən həyata keçirməklə əlaqələndirilərsə, bu dövr motivasiya mənbəyinə çevrilə bilər.
Sentyabr insanı dəyişdirmir, sadəcə insanın öz vəziyyəti ilə üzləşməsini sürətləndirir.
Çünki reallıq təqvimdə deyil, insanın öz daxilindədir. Təqvim də insan düşüncəsinin məhsuludur. Buna görə də sentyabrın yaratdığı hissləri yalnız mövsümlə əlaqələndirmək düzgün olmaz. Əsas məsələ insanın həyatında nə baş verdiyi, hansı gözləntilərlə yaşadığı və mövcud reallığı necə qəbul etməsidir. Əslində, hər yeni mövsüm insana öz həyatına kənardan baxmaq üçün bir imkan yarada bilər. Sentyabrın gətirdiyi “yeni başlanğıc” hissindən sağlam şəkildə istifadə etmək üçün insan özündən nəyi dəyişmək istədiyini, nəyi isə olduğu kimi qəbul etməli olduğunu soruşmalıdır. Belə yanaşma təqvimi sadəcə tarixlərin dəyişməsi deyil, insanın özünü və həyatını yenidən nəzərdən keçirməsi üçün bir fürsətə çevirə bilər", - deyə psixoloq fikrini tamamlayıb.


