Kriminal Özəl

İçib kafeni işlədən qadına tamah saldı, dava düşdü

İçib kafeni işlədən qadına tamah saldı, dava düşdü

Quba rayonunda çay evində dava olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba şəhəri, Əzizbəyov küçəsində yerləşən çay evlərindən birində baş verib. 1992-ci il təvəllüdlü Tamerlan çay evində aralarında yaranmış mübahisə zamanı tanışı Rəhilənin (adlar şərtidir – red.) sinə nahiyəsindən əl ilə qəsdən vuraraq ona xəsarət yetirib.

Faktla bağlı Tamerlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tamerlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, saat 17 radələrində Quba şəhəri, Bazar adlanan ərazidə yerləşən kafelərin birində Qasım adlı tanışı ilə oturub yemək yeyib və spirtli içki qəbul ediblər:

“Bundan sonra, həmin günü saat 22 radələrində birlikdə Nügədi kəndi yolu üzərində yerləşən çay evinə getdik. Oranı işlədən tanışım Rəhilənin yanına gedib söhbət etmək istədim. Amma o, mənə aqressiv formada getməyimi bildirdi. Bunun üçün əsəbləşərək Rəhilənin sinə nahiyəsindən yumruqla vurdum. Bundan sonra Qasım bizə yaxınlaşaraq məni çölə çıxardı”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda zərərçəkmiş şəxslə barışdığını bildirib.

İş üzrə zərərçəkmiş Rəhilənin sözlərinə görə, icarə əsasında Quba şəhərində yerləşən çay evini işlədir:

“Məlum hadisə günü, saat 22 radələrində Tamerlan və Qasım adlı tanışlarım işlətdiyim kafeyə gəldilər. Bu zaman Tamerlan yanıma gələrək söhbət etdi. Onun sərxoş olduğunu hiss etdim və iradımı bildirdim. O, anidən yumruqla bir dəfə sinə nahiyəmdən vurdu. Həmin vaxt Qasım Tamerlanı çəkərək çölə çıxardı. Mübahisə təqribən 2-3 dəqiqə davam etdi. Həmin vaxt yanımızda və çay evində kənar şəxslər olmayıb”.

Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Hökmə əsasən, təqsirləndirilən şəxs həbsdən azad olunub.

Fariz Məlikli

D
demokrat.az