Kriminal Özəl

Anam arvadımdan şikayət etdi, mən də döydüm — Məhkəmə

Anam arvadımdan şikayət etdi, mən də döydüm — Məhkəmə

Quba rayonunda 49 yaşlı kişi arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1977-ci il təvəllüdlü İsmayıl yaşadıqları evdə həyat yoldaşı Dürdanə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında yaranmış mübahisə zamanı 49 yaşlı kişi arvadının sifət və bədəninin müxtəlif nahiyələrindən əl ilə qəsdən vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı İsmayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Dürdanə ilə 2002-ci il tarixdə rəsmi olaraq nikaha daxil olub, birgə nikahdan iki oğlan övladı dünyaya gəlib:

“Məlum hadisə günü, səhər saat 6 radələrində anam Şahnaz arvadımın evdə etdiyi hərəkətlərdən narazılıq etdiyi üçün onunla aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək əlim ilə Dürdanənin üz və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirdim”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda zərərçəkmiş şəxslə barışdığını bildirib və barəsində olan cinayət işinə xitam verilməsini xahiş edib.

Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az