İdman Özəl

"Sabah" Avropanın nəhəngləri ilə üz-üzə gəlir: Azərbaycan futbolunu nə gözləyir?

Sabah Avropanın nəhəngləri ilə üz-üzə gəlir: Azərbaycan futbolunu nə gözləyir?

"Sabah" klubunun UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Azərbaycan çempionu bu mərhələdə 8 qarşılaşmaya çıxacaq. "Sabah" Bakıda "Barselona", "Borussiya Dortmund", "Slaviya Praqa" və "Napoli"ni qəbul edəcək. Komanda səfərdə isə "Arsenal", "Mançester Yunayted", "Vilyarreal" və "Vikinq"lə qarşılaşacaq.

Futbol eksperti Arif Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, "Sabah"ın bu mərhələyə yüksəlməsi Azərbaycan futbolu üçün böyük uğurdur:

Sabah Avropanın nəhəngləri ilə üz-üzə gəlir: Azərbaycan futbolunu nə gözləyir?

"Ötən il Qarabağ FK bizi Avropada layiqincə təmsil etdi, bu il isə "Sabah" həmin uğurun davamını gətirir. Rəqiblərə gəlincə, adlara baxdıqda "Sabah"ın qarşısına Avropanın və dünyanın ən nəhəng klublarının çıxdığını görürük. Bu, bir tərəfdən çox müsbət haldır. "Barselona", "Arsenal", "Mançester Yunayted" kimi komandalarla oynamaq, onların Azərbaycana gəlməsi "Sabah" üçün böyük təcrübə və inkişaf baxımından mühüm praktikadır. Digər tərəfdən isə bu komandaların çox güclü olması müəyyən çətinliklər yarada bilər. Belə rəqiblərlə mübarizə aparmaq üçün böyük təcrübə lazımdır. "Sabah" isə hələ gənc komandadır və təxminən 8-9 illik tarixə malikdir. Buna görə də belə yüksək səviyyəli oyunlarda müəyyən çətinliklərin yaşanması normaldır. Lakin bütün bunlara baxmayaraq, burada əsas məqsəd yalnız nəticə olmamalıdır. Əsas məsələ bu komandalarla oynamaq, futbolçuların təcrübə qazanması və səviyyələrinin yüksəlməsidir. Bu da son nəticədə klub səviyyəsində komandalarımızın gücünün artmasına xidmət edəcək".

Ekspertin sözlərinə görə, ümumilikdə, "Qarabağ" və "Sabah"ın son illərdə göstərdiyi performans Azərbaycan futbolunun Avropada artıq orta səviyyəyə çatdığını, hətta müəyyən mənada bu səviyyəni keçdiyini göstərir:

"Belə oyunlar isə həmin inkişafın davam etməsi üçün çox vacibdir. Komandalar arasında xal qazanmaq baxımından "Sabah"ın bəzi rəqiblərlə daha real şanslarının olduğunu düşünürəm. Məsələn, "Vikinq" və "Slaviya Praqa" ilə oyunlarda "Sabah" xal qazana biləcək gücdədir. Digər rəqiblər isə çox güclü top-klublardır. Amma "Sabah" həmin komandalarla da mübarizə aparıb yaxşı oyun nümayiş etdirər və onlardan hər hansı birindən xal qazanarsa, bu, böyük uğur olar. "Sabah"a uğurlar arzulayaq. Futbol ictimaiyyəti, Azərbaycan azarkeşləri, məşqçilər və bütün futbolsevərlər bu oyunları səbirsizliklə gözləyir. "Barselona", "Mançester Yunayted", "Arsenal"kimi komandalarla qarşılaşmaq hər bir futbolçu və məşqçinin görmək istədiyi böyük təcrübədir”.

Fidan Hacızadə

D
demokrat.az