Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası ilə bağlı araşdırma aparılır. Bildirilir ki, sosial şəbəkələrdə bir həftə əvvəl 98 saylı uşaq bağçasına gedən uşaqda qeyri-adi davranışlar müşahidə edildiyi və aparılan analizlər zamanı onun qanında psixotrop dərman maddəsinin olduğu iddia edilib.
"Sosial Təşəbbüs MMC"nin eksperti Emil Maqalov Demokrat.az-a açıqlamasında söyləyib ki, bağça yaşında olan uşağa narkotik maddə vurmaq və ya qəbul etdirmək qeyri-mümkün bir şeydir.

Onun sözlərinə görə, hazırda Azərbaycanda yayılmış bəzi narkotik maddələrdən, hətta ən az dozada belə qəbul olunarsa, uşaq həmin an dünyasını dəyişə bilər:
"Azərbaycanda qan analizləri ilə belə halların aşkarlanması demək olar ki, yox vəziyyətindədir. Narkotik maddələrin qəbulunu əsasən sidik analizi ilə müəyyən etmək mümkündür. Qan analizi isə çox bahadır və demək olar ki, heç kim bu üsuldan istifadə etmir. Bu səbəbdən belə bir məlumatı yayan şəxs bunu mütləq şəkildə sidik analizi ilə araşdırmalı və ya yaydığı xəbərə görə məsuliyyət daşımalıdır. Aidiyyəti qurumlardan xahiş edirəm ki, bu məsələni nəzarətə götürsünlər, dərhal aydınlaşdırsınlar və səhv məlumat yayan şəxslər məsuliyyətə cəlb olunsunlar. Çünki bu məsələ təkcə uşağa deyil, onun valideynlərinə, yaxınlarına, uşağa məhəbbəti olan insanlara və həmin bağçanın adına, imicinə də çox böyük xətər yetirə bilər".


