İqtisadiyyat Özəl

Sənədsiz evlərin rəsmiləşdirilməsi daşınmaz əmlak bazarına necə təsir göstərəcək? — Ekspert rəyi

Sənədsiz evlərin rəsmiləşdirilməsi daşınmaz əmlak bazarına necə təsir göstərəcək? — Ekspert rəyi

Azərbaycanda uzun illərdir sənədsiz və ya hüquqi statusu tam müəyyənləşdirilməmiş şəkildə mövcud olan özbaşına tikililərin rəsmiləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Bəs uzun illərdir tikilmiş və çox sayda insanın yaşadığı bu evlərin rəsmiləşdirilməsi əmlak bazarındakı qiymətlərə necə təsir edə bilər?

Demokrat.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, bu evlərin hamısını “sənədsiz” adlandırmaq düzgün deyil.

Sənədsiz evlərin rəsmiləşdirilməsi daşınmaz əmlak bazarına necə təsir göstərəcək? — Ekspert rəyi

Onun sözlərinə görə, belə evlərin təxminən 90 faizinin su, qaz və işıq təminatı var.

"Həmin evlərə dövlət şirkətləri tərəfindən kommunal xidmətlər göstərilib, sayğaclar quraşdırılıb və illərdir ödənişlər həyata keçirilir. İstər məhkəmədən, istər Daxili İşlər Nazirliyindən, istərsə də digər dövlət qurumlarından göndərilən məktublar həmin evlərin hüquqi ünvanına gedirsə, bu evləri tamamilə sənədsiz hesab etmək olmaz. Çünki onların hüquqi ünvanı var. Digər tərəfdən, bu evlər üzrə bələdiyyələr və digər orqanlar tərəfindən müxtəlif vaxtlarda vergilər, tullantı haqları və digər ödənişlər tutulub. İllərdir vətəndaşlar bu ödənişləri həyata keçirirlər. Həmçinin həmin ərazilərə qaz, su, işıq və kanalizasiya xətləri çəkilib. 1990-cı ildən başlayaraq bu evlərin bir hissəsi müxtəlif icra hakimiyyətləri, kolxoz-sovxoz və digər qurumlar tərəfindən vətəndaşlara verilmiş torpaqlarda tikilib. Bələdiyyələr yarandıqdan sonra isə belə torpaqların bir hissəsi bələdiyyə sənədləri əsasında rəsmiləşdirilib. Bu baxımdan, həmin evlərin böyük hissəsinin ilkin sənədlərinin olduğunu söyləmək mümkündür. 1990-cı ildən etibarən tikinti sahəsində mövcud olan hüquqi və inzibati boşluqlar nəticəsində belə evlərin sayı əhəmiyyətli dərəcədə artıb. Hazırda 500 mindən çox belə evin olduğu bildirilir", - deyə, vurğuladı.

Ekspert daha sonra əlavə etdi ki, bu cür evlərin çıxarışla təmin edilməsi məqsədəuyğun olardı.

"Belə evlərin böyük hissəsinin ilkin sənədləri olsa da, çıxarışları yoxdur. Bu baxımdan, onları “çıxarışsız evlər” adlandırmaq daha doğru olar. Həmin evlərin hüquqi ünvanlarının olması, kommunal xidmətlərdən istifadə etmələri, sayğacların quraşdırılması və bu xidmətlər üzrə ödənişlərin həyata keçirilməsi onların uzun müddətdir faktiki yaşayış məntəqələri kimi mövcud olduğunu göstərir. İdarə, müəssisə, təşkilat, sovxoz, kolxoz və bələdiyyələr tərəfindən müxtəlif vaxtlarda verilmiş torpaqları da nəzərə alsaq, bu evlərin böyük hissəsinin ilkin sənədlərinin olduğu görünür. Bununla belə, müəyyən hissəsinin müvafiq sənədlərlə təmin olunmadığı hallar da ola bilər. İlk mərhələdə ilkin sənədləri və kommunal təminatı olan evlərin dövlət tərəfindən rəsmiləşdirilməsi məqsədəuyğun olardı. İkinci mərhələdə isə heç bir sənədi olmayan və kommunal xətləri olmayan evlərin yerləşdiyi ərazilərin hüquqi statusuna baxıla bilər. Yüksək gərginlikli elektrik xətlərinin altında, yolun qadağan olunmuş hissələrində, dəmir yolu xətlərinin, neft kəmərlərinin və neft buruqlarının yaxınlığında yerləşən ərazilərdə də kütləvi məskunlaşma halları mövcuddur. Belə ərazilərdə uzun illərdir insanların yaşadığı evlərlə bağlı da ayrıca hüquqi mexanizmlərin tətbiqi və çıxarışla təmin olunma imkanlarının nəzərdən keçirilməsi mümkündür. Bu evlərin hüquqi statusunun müəyyənləşdirilməməsi vətəndaşlar üçün də bir sıra çətinliklər yaradır. Qeydiyyat məsələsində yaranan problemlər tibbi xidmətlərdən, dövlət tərəfindən təqdim olunan güzəştlərdən və digər hüquqlardan istifadəni çətinləşdirə bilər. Bundan əlavə, çıxarışın olmaması belə evlərin banka girov qoyulmasını, rəsmi alqı-satqısını və ipoteka predmetinə çevrilməsini məhdudlaşdırır. Hüquqi sənədlərin olmaması səbəbindən alqı-satqı və kirayə münasibətlərinin rəsmiləşdirilməsi də çətinləşir. Əgər belə evlər çıxarışla təmin edilərsə, onların əmlak dövriyyəsinə daha geniş şəkildə cəlb olunması mümkün ola bilər. Bu isə həm vətəndaşların əmlak hüquqlarının rəsmiləşdirilməsinə, həm də əmlak bazarında hüquqi və maliyyə əməliyyatlarının genişlənməsinə şərait yarada bilər. Eyni zamanda, rəsmiləşdirmə prosesinin əmlak bazarındakı qiymətlərə təsiri evlərin yerləşdiyi ərazi, torpağın hüquqi statusu, sənədləşmə səviyyəsi və bazardakı tələb kimi amillərdən asılı olacaq. “Bu evlərin çıxarışla təmin edilərək əmlak dövriyyəsinə cəlb olunması məqsədəuyğun olardı. Hazırda hüquqi sənədlərinin olmaması onların alqı-satqısının rəsmiləşdirilməsini, qeydiyyata alınmasını və digər əmlak əməliyyatlarının həyata keçirilməsini çətinləşdirir. Çıxarışların verilməsi ilə bu evlərin əmlak bazarına daha aktiv şəkildə daxil olması mümkün ola bilər", - deyə Anar Nəsirov məsələyə mövqeyini bildirib.

Nuray Paşşanlı

D
demokrat.az