Kriminal Özəl

Arvadını döyən keçmiş məhkum cəzadan azad edildi

Arvadını döyən keçmiş məhkum cəzadan azad edildi

Tovuz rayonunda 48 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonu, Dondar Quşçu kəndində baş verib. 1978-ci il təvəllüdlü Əhməd həmin kənddə yerləşən evində həyat yoldaşı Fərqanə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Məhkəmə sənədlərinə görə, yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Əhməd arvadının sağ göz nahiyəsinə bir dəfə qəsdən yumruqla zərbə vurub. Ona göz nahiyəsindən xəsarət yetirərək sağlamlığına zərər vurub.

Faktla bağlı Əhmədə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxs də məhkəməyə ərizə təqdim edib. O, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Tovuz Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunub.

Belə ki, o, ilk dəfə 2000-ci ildə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Daha sonra isə Tovuz Rayon Məhkəməsinin 2003-cü il tarixli hökmü ilə 3 il, həmin məhkəmənin 2005-ci il tarixli hökmünə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

2009-cu ildə azadlığa çıxan şəxs elə həmin il yenidən cinayət törədib və Qaradağ Rayon Məhkəməsinin 2009-cu il tarixli hökmünə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bu cəzasını çəkən məhkum 2013-cü ildə azadlığa çıxıb və cəmi iki il azadlıqda qalıb. İki ildən sonra yenidən cinayət törədən keçmiş məhkum Tovuz Rayon Məhkəməsinin 2015-ci il tarixli hökmünə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Dörd il həbsxana həyatı yaşayan məhkum 2019-cu ildə azadlığa çıxsa da, həmin il yenidən cinayət törətdiyi üçün Tovuz Rayon Məhkəməsinin hökmünə əsasən 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Bu müddəti çəkdikdən sonra qısa zaman aralığında azadlıqda qalsa da, yenidən 2022-ci ildə cinayət törətdiyi üçün Tovuz Rayon Məhkəməsinin hökmü ilə 1 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum olunub.

Təqsirli bilinən şəxs 2025-ci ildə növbəti cinayətini törətdiyi üçün Tovuz Rayon Məhkəməsinin hökmü ilə 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Milli Məclisin 2025-ci il tarixli amnistiya qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad edilib.

Məhkəmə sənədlərinə əsasən, sonuncu cəzadan xilas olan təqsirləndirilən şəxs 2026-cı ildə arvadını döyməklə məhkəmə qarşısına çıxarılıb. Lakin qadının ərini bağışlaması nəticəsində o, cəzadan xilas olub.

Fariz Məlikli

D
demokrat.az