Sosial Özəl

Obyekt həyəti zəbt edərsə, sakin nə edə bilər? — Açıqlama

Obyekt həyəti zəbt edərsə, sakin nə edə bilər? — Açıqlama

Çoxmənzilli yaşayış binalarında kommersiya obyektlərinin fəaliyyəti bəzi hallarda sakinlərin ümumi istifadəsində olan ərazilərlə bağlı narazılıqlara səbəb olur. Xüsusilə obyektin fəaliyyətinin binanın giriş-çıxışına, həyətə, parklanma yerlərinə və digər ümumi sahələrə maneə yaratması sakinlərin hüquqlarının pozulub-pozulmadığı məsələsini gündəmə gətirir.

Çoxmənzilli binada kommersiya obyektinin sakinlərə mane olması qanunidirmi? Sakinlər ərazinin əvvəlki vəziyyətə qaytarılmasını tələb edə bilərlərmi?

Demokrat.az-a bu barədə açıqlama verən hüquqşünas Babək Umudov bildirib ki, birgə mülkiyyətdə olan sahələrin qanunsuz tutulması, sakinlərin keçidinə, nəqliyyat vasitələrinin parklanmasına və ya təhlükəsizliyinə (məsələn, yanğınsöndürən və təcili yardım maşınlarının keçidinə) maneə törədilməsi hüquqaziddir və mənzil mülkiyyətçilərinin buna etiraz etmək və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmək hüququ vardır.

Onun sözlərinə görə, Mənzil Məcəlləsinə əsasən, çoxmənzilli binanın torpaq sahəsi, həyəti, giriş-çıxış hissələri, pilləkən meydançaları və dəhlizləri bütün mənzil mülkiyyətçilərinin paylı mülkiyyətində olan ümumi əmlakdır:

“Ümumi əmlakdan istifadə və onun üzərində sərəncam verilməsi yalnız mənzil mülkiyyətçilərinin ümumi yığıncağının qərarı və mülkiyyətçilərin razılığı ilə mümkündür.

Kommersiya obyektinin sahibi öz fəaliyyətini digər mülkiyyətçilərin hüquqlarını məhdudlaşdırmadan və ümumi istifadə sahələrini qanunsuz zəbt etmədən təşkil etməlidir.

Sakinlər öz hüquqlarının hər cür pozulmasının aradan qaldırılmasını (pozuntu mülkiyyətdən məhrum edilmə ilə bağlı olmasa da) məhkəmə qaydasında tələb edə bilər. Qanunsuz tutulmuş sahənin azad edilməsi, maneələrin aradan qaldırılması və ərazinin əvvəlki vəziyyətinə qaytarılması tələb oluna bilər.

Bundan əlavə, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması ilə bağlı) və yerli İcra Hakimiyyətinə (qanunsuz tikinti və ya zəbtetmə üzrə) müraciət edilə bilər”, - deyə hüquqşünas fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az