Biləsuvar rayonunda 43 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. Rayon sakini, 1983-cü il təvəllüdlü Məmməd kənddə yerləşən evində arvadı Sura (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, onların arasında mübahisənin yaranmasına səbəb 43 yaşlı kişinin evə gec gəlməsi olub. Həmin gün evə gec gələn kişi qapının açılması üçün arvadına zəng edib.
Amma qadın 43 yaşlı kişinin zənginə qəsdən gec cavab verib. Ər-arvad arasında qarşılıqlı iradlarla yaranan mübahisə sonda davaya çevrilib. Dava zamanı Məmməd bir neçə dəfə yumruqla arvadının baş və sol qol nahiyəsindən vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə iclasında izahat verən Məmməd arvadı ilə barışması ilə bağlı ərizə təqdim edib. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib.
Qadın da ifadəsində əri ilə barışdığını təsdiqləyib. O, ərinə qarşı şikayətinin və tələbinin olmadığını bildirib.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


