Süni intellektin sürətlə inkişaf etməsi bir çox sahədə olduğu kimi, tərcüməçilik və dil biliklərinə də yeni yanaşma formalaşdırıb. Artıq mətnlərin və ifadələrin müxtəlif dillərə çevrilməsi üçün süni intellekt alətlərindən istifadə geniş yayılıb. Bu isə ənənəvi tərcüməçiliyin gələcəyi və xarici dil bilməyin əmək bazarında əvvəlki üstünlüyünü qoruyub-qorumayacağını gündəmə gətirir.
AI dövründə tərcüməçilərə və dil bilən mütəxəssislərə tələbat necə dəyişəcək? Hazırda xarici dil biliyi nə qədər böyük üstünlükdür?
Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a açıqlamasında söyləyib ki, süni intellektin inkişafı, şübhəsiz ki, tərcüməçilik sahəsində ciddi dəyişikliklər yaradacaq:
“Artıq sadə mətnlərin, gündəlik yazışmaların və standart ifadələrin tərcüməsində texnoloji alətlərdən istifadə kifayət qədər geniş yayılıb. Bu baxımdan, ənənəvi tərcüməçinin gördüyü işlərin müəyyən hissəsinin avtomatlaşdırılması qaçılmazdır. Lakin bu, tərcüməçilik peşəsinin tamamilə sıradan çıxacağı anlamına gəlmir. Əksinə, düşünürəm ki, gələcəkdə tərcüməçinin rolu dəyişəcək. Sadəcə bir dildən digərinə mətn çevirən şəxsdən daha çox, tərcümənin düzgünlüyünü, kontekstə uyğunluğunu, üslubunu və məna dəqiqliyini qiymətləndirən mütəxəssislərə ehtiyac artacaq. Xüsusilə tibb, hüquq, diplomatiya, ədəbiyyat, texniki sahələr və biznes kommunikasiyası kimi istiqamətlərdə yalnız sözləri çevirmək kifayət etmir. Burada sahəni və mədəni konteksti də başa düşmək çox vacibdir. Xarici dil biliyinə gəldikdə isə, onun əmək bazarında əhəmiyyətinin azalacağını düşünmürəm. Sadəcə, xarici dil bilmək əvvəlki kimi təkbaşına böyük üstünlük olmaya bilər. Çünki texnologiya müəyyən mənada dil baryerini azaldır. Bu gün bir neçə dildə sadə kommunikasiya qurmaq əvvəlkindən daha asandır”.
Əmrah Həsənli qeyd edib ki, əmək bazarında əsas üstünlük xarici dil bilən və həmin dildən istifadə etməklə yanaşı, peşəkar bacarıqlara sahib olan şəxslərdə olacaq:
“Məsələn, ingilis dili bilən iqtisadçı, hüquqşünas, müəllim, mühəndis və ya marketinq mütəxəssisi öz sahəsində əlavə üstünlük qazanır. Burada dil artıq ayrıca peşə deyil, əsas peşə bacarığını gücləndirən bir alətə çevrilir. Gənclər xarici dil öyrənməkdən imtina etməməlidirlər. Əksinə, dil biliyini texnologiyadan istifadə bacarığı ilə birləşdirmək lazımdır. Gələcəyin əmək bazarında dil bilən insandan daha çox, dili, texnologiyanı və öz peşəsini birlikdə istifadə edə bilən insan rəqabət üstünlüyünə malik olacaq. Burada əsas məsələ texnologiya ilə rəqabət aparmaq deyil, ondan düzgün istifadə etməyi bacarmaqdır”.


