Türkiyədə sosial şəbəkələr üzərindən məhsul və xidmət satışı ilə bağlı qaydalar sərtləşdirilir. Yeni tələblər çərçivəsində istehlakçıların daha şəffaf məlumatlandırılması və qiymətlərin gizli saxlanılmasının qarşısının alınması gündəmə gəlib. Bu dəyişiklik “qiymət üçün DM-ə yazın” praktikasının məhdudlaşdırılması baxımından diqqət çəkir. Əks halda cərimələnəcəkləri bildirilib.
Belə bir yanaşmanın Azərbaycanda da tətbiqi mümkündürmü?
Korporativ Kommunikasiya üzrə ekspert Səfər Aslanov Demokrat.az-a bildirib ki, Türkiyənin Ticarət Nazirliyi əvvəlcə daşınmaz əmlak və avtomobil elanları üzrə tətbiq olunan Elektron Elan Doğrulama Sistemini (EİDS) sosial media platformalarına da şamil edib.

Onun sözlərinə görə, nazirlik sosial mediada "qiymət üçün DM" ifadəsi ilə elan verən 82 əmlak və avtomobil qalereyasına ümumilikdə 8,2 milyon lirə cərimə tətbiq edib:
“Bu qaydalar “Instagram”, “Facebook” və “WhatsApp” kimi platformalarda paylaşılan daşınmaz əmlak və nəqliyyat vasitəsi elanlarını da əhatə edir. Yəni diqqət etmək lazımdır ki, hazırkı konkret cəza tədbiri əsasən əmlak və avtomobil elanları üzrə tətbiq edilib, ümumi "sosial media ticarəti"nin bütün sahələrinə aid deyil”.
Ekspert əlavə edib ki, oxşar təcrübə Avropa İttifaqında və digər yurisdiksiyalarda artıq bir neçə ildir tənzimlənən "gizli qiymətləndirmə" və "dark patterns" (aldadıcı interfeys taktikaları) çərçivəsində tətbiq edilən qaydalar sıyahsındadır:
“Azərbaycanda tətbiqinə gəlincə isə şəffaflıq və manipulyasiyanın qarşısının alınması, saxta elanlarla mübarizə və istehlakçı hüquqlarının qorunması faktorlarını nəzərə alaraq tətbiq edilməsi mümkündür. Manual qaydada kifayət qədər iri həcmli məlumatları emal etmək, qeyri-mümkün olduğundan dünyada tətbiq edilən və təcrübədən keçmiş sistemlərin integrasiyası ilə həyata keçirilə bilər”.


