Texnologiya Özəl

Sayta girdiyiniz anda kartdakı pul saniyələr içində yox olur — Açıqlama

Sayta girdiyiniz anda kartdakı pul saniyələr içində yox olur — Açıqlama

“MilliÖn” adı və loqosundan istifadə edən dələduzlar vətəndaşları yeni fişinq üsulu ilə hədəfə alıblar. Saxta keçidlər vasitəsilə istifadəçilərə müxtəlif kampaniyalar vəd edilir, daha sonra isə bank kartı və şəxsi məlumatların daxil edilməsi tələb olunur. Beləliklə, vətəndaşların təqdim etdiyi məlumatların kiberdələduzların əlinə keçməsi riski yaranır.

Bəs bu cür saxta linklərə daxil olmaq və kart məlumatlarını paylaşmaq vətəndaş üçün hansı maliyyə və təhlükəsizlik riskləri yaradır? İnsanlar fişinq hücumlarını necə tanıya və özlərini bu kimi hallardan necə qoruya bilərlər?

İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, dələduzlar “Hədiyyə balans”, “Ödənişiniz var” və ya “Hesabınız bloklandı” kimi təcili və şirnikləndirici bildirişlərlə insanları saxta linklərə yönəldirlər.

Onun sözlərinə görə, bu linkə kliklədikdə “MilliÖn”ün rəsmi saytına oxşayan saxta səhifə açılır:

“Burada kartın 16 rəqəmi, son istifadə tarixi, arxadakı 3 rəqəmli CVV kodu və telefona göndərilən birdəfəlik SMS kodu tələb olunur. İnsanlar məlumatları daxil etdikləri anda kartdakı vəsaitlərin saniyələr içində oğurlanması mümkündür, hətta kart üzərindən saxta onlayn kreditlər rəsmiləşdirilə bilir. Toplanan şəxsi məlumatlar isə gələcəkdə digər fırıldaqlarda istifadə olunur.

Özümüzü bu təhlükələrdən qorumaq üçün aşağıdakı sadə qaydalara əməl etməliyik.

Link ünvanını yoxlayın. SMS-lə gələn keçidlərə dərhal klikləməyin. Rəsmi saytın ünvanı ilə saxta ünvan arasındakı hərf fərqlərinə diqqət yetirin.

Məxfilik kodlarını gizli saxlayın: Kartın arxasındakı 3 rəqəmli CVV kodunu və telefona gələn SMS doğrulama kodunu heç vaxt başqasına verməyin və ya şübhəli saytlara daxil etməyin.

Şübhəli vədlərə inanmayın. “Təcili keçid edin” və ya “Havayı pul qazandınız” kimi təzyiq yaradan mesajlar 99% dələduzluqdur.

Rəsmi kanalla dəqiqləşdirin. Şübhəli mesaj aldıqda linkə girmək əvəzinə birbaşa qurumun rəsmi müştəri xidmətləri ilə əlaqə saxlayın.

Rəqəmsal məkanda ən yaxşı müdafiə tələsməmək və şübhə ilə yanaşmaqdır. Bank məlumatlarınızı heç kimlə bölüşməyin”, - deyə mütəxəssis fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az