Bahalı toy və nişan üzüyü xoşbəxt və uzunömürlü evliliyə zəmanət vermir. Əksinə, yeni araşdırma yüksək toy xərcləri ilə boşanma ehtimalı arasında əlaqə olduğunu ortaya qoyub. Xarici araşdırmaya ən azı bir dəfə evli olmuş 3151 amerikalı iştirak edib. Onlardan nişan üzüyünə və toy mərasiminə nə qədər vəsait xərclədikləri soruşulub. Alimlər araşdırma zamanı ailənin gəliri, evlənmə yaşı, uşaqların olub-olmaması, nikahdan əvvəl birlikdə yaşama və digər demoqrafik amilləri də nəzərə alıblar.
Psixoloq Zümrüd ƏsədovaDemokrat.az-a məsələ ilə bağlı açıqlamasında deyib ki, bahalı toy və nişan üzüyü özlüyündə boşanmaya səbəb olmur:
“Lakin bəzi hallarda insanlar münasibətin keyfiyyətini, sevgini və hətta öz dəyərini maddi göstəricilərlə sübut etməyə çalışırlar. Xüsusilə toy üçün imkanından artıq xərcləmək sonradan borc, maliyyə stresi və tərəflər arasında gözləntilərin artmasına səbəb ola bilər. Bəzən isə diqqət münasibətin özündən çox, toyun necə görünəcəyinə və başqalarının nə düşünəcəyinə yönəlir. Psixoloji və energetik baxımdan yanaşdıqda, təmtəraqlı mərasimlər bəzən daxili boşluğu, münasibətdə həll olunmamış problemləri və gələcəklə bağlı qeyri-müəyyənliyi xarici görüntü ilə ört-basdır etmək cəhdi ola bilər. Bu zaman cütlüklər münasibətin özünə deyil, onun necə göründüyünə daha çox sərmayə qoyurlar. Nağıl bitib real həyat başlayanda isə yaradılan illüziya da dağıla bilər”.
Psixoloq əlavə edib ki, ailə həyatının ilk illəri onsuz da uyğunlaşma, bir-birini tanıma və sərhədləri müəyyənləşdirmə dövrüdür:
“Bunun üzərinə böyük toy xərcləri, kredit və ya borclar əlavə olunduqda münasibətdə daimi stress, narazılıq və “kim daha çox xərclədi?” kimi mübahisələr yarana bilər. Beləliklə, ailə həyatının təməli sevgi və qarşılıqlı anlaşmadan çox, maddi yükün təsiri altında qala bilər. Enerji baxımından sağlam münasibət daxili rahatlıq, səmimiyyət və qarşılıqlı anlayış üzərində qurulur. Həddindən artıq nümayişkaranəlik və hər şeyi başqalarına göstərmək istəyi isə diqqəti münasibətin özündən kənara yönəldə bilər. Bu halda cütlük bir-birinə deyil, cəmiyyətin gözləntilərinə uyğun yaşamağa başlayır. Əslində isə evliliyin davamlılığını toyun və ya üzüyün qiyməti deyil, cütlüyün bir-birinə münasibəti, ünsiyyəti, maliyyə məsələlərində razılaşması, məsuliyyəti bölüşməsi və birlikdə real həyat qurmağa hazır olması müəyyən edir. Çünki xoşbəxt evlilik bir günlük təmtəraqlı mərasimlə deyil, hər gün verilən kiçik və doğru qərarlarla qurulur”.


