Avropada bu yay qeydə alınan ardıcıl dörd güclü isti hava dalğası on minlərlə insanın ölümünə səbəb olub.
Bildirilir ki, qitənin təxminən yarısını əhatə edən və hələ yekunlaşmayan rəsmi məlumatlara əsasən, normal dövrlə müqayisədə ən azı 35 min əlavə ölüm qeydə alınıb. Xüsusilə Almaniya, Fransa və İspaniyada əlavə ölüm hallarının ümumi sayı 25 mini ötüb.
Ekoloq Sadiq Həsənov Demokrat.az-a açıqlamasında söyləyib ki, bu il Avropada həddindən artıq isti hava müşahidə olunub:
“Bunun əsas səbəblərindən biri qlobal istiləşmə ilə bağlıdır. İspaniyada temperaturun 43–47 dərəcəyə çatması, eləcə də Fransada, Almaniyada, İngiltərədə və digər Avropa ölkələrində yüksək temperaturların müşahidə olunması nəticəsində qitənin üzərində uzunmüddətli isti hava təbəqəsi formalaşmışdı. Bu təbəqə atmosferin yuxarı qatlarında istiliyin geri qayıtmasının, günəşdən gələn enerjinin əks olunmasının qarşısını almış və istilərin uzun müddət davam etməsinə səbəb olmuşdu. Bunun nəticəsində Avropa ölkələrində, xüsusilə də yaşlı insanlar arasında ölüm halları artıb.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Almaniyada bu rəqəm 25 minə, ümumi Avropa üzrə isə 35 minə çatıb. Avqust ayı üzrə məlumatlar hələ bu statistikaya daxil edilməyib. Bu səbəbdən ölüm hallarının sayının daha da artacağı istisna olunmur. İsti havalar xüsusilə yaşlı əhali, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar, eləcə də tənəffüs sistemi ilə bağlı xəstəlikləri olan şəxslər üçün ciddi risk yaradır və ölüm hallarının artmasına səbəb ola bilər. Ancaq isti havaların müşahidə olunması birbaşa qışın sərt keçməsinə şərait yaratmır. Bu məsələlər bir-biri ilə birbaşa bağlı deyil. Elmi məlumatlara və aparılan araşdırmalara görə, qışın sərt keçməsi üçün əsasən Arktik siklonların daxil olması vacibdir. Arktik siklonlar və Atlantik okeanından gələn soyuq hava kütlələri Avropada qışın daha soyuq keçməsinə səbəb ola bilər”.
Onun sözlərinə görə, əgər bu Arktik siklonlar Avropaya daxil olarsa, qışın soyuq keçməsi mümkündür:
“Bu, Avropa üçün xarakterik haldır. Yəni qışda havaların soyuq keçməsi yay aylarında müşahidə olunan isti havaların yaratdığı şəraitlə bağlı deyil. Yayda müşahidə olunan yüksək temperaturlar əsasən qlobal istiləşmənin təsirləri nəticəsində baş verir. Lakin bu, qışda mütləq şəkildə bunun əksinə olaraq çox soyuq havaların müşahidə olunacağı demək deyil. Qışda da iqlimə uyğun temperaturların davam etməsi mümkündür. Arktik siklonların hərəkəti həm Avropada, həm Azərbaycanda, həm də Cənubi Qafqazda iqlimi müəyyən edən əsas amillərdəndir. Azərbaycana bu hava kütlələri əsasən Barens dənizi, Arktika və Norveç istiqamətindən, həmçinin Şərqi Sibir istiqamətindən daxil olur. Bu da havaların soyuq keçməsinə şərait yaradır. Hava kütlələri Xəzər dənizi üzərindən gəldiyi üçün qış aylarında Bakıda, eləcə də Azərbaycanın şimal bölgələrində bəzən soyuq hava müşahidə olunur. Avropada isə, xüsusilə Fransa və Almaniyada qış aylarında havaların soyuq keçməsi ənənəvi haldır. Düşünürəm ki, bu il də əvvəlki illərə uyğun olaraq müəyyən qədər soyuq hava şəraiti davam edəcək”.


