Sosial şəbəkələrdə bəzi sürücülərin cərimədən yayınmaq məqsədilə avtobus zolağında hərəkət edən avtobusa həddindən artıq yaxın məsafədə avtomobil idarə etdiyi görüntülər yayılıb. Bu cür hallar həm yol hərəkəti qaydalarının pozulmasına, həm də qəza riskinin artmasına səbəb ola bilər.
Sürücülərin avtobus zolağından bu cür istifadəsinin və cərimədən yayınmağa yönələn halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında deyib ki, bu halda söhbət yalnız avtobus zolağına daxil olmağa görə tətbiq edilən cərimədən getmir:

“Nömrənin qəsdən gizlədilməsinə görə nəzərdə tutulan cərimə də tətbiq oluna bilər. Qanunvericilikdə bununla bağlı 500-800 manat aralığında cərimə nəzərdə tutulur. Burada əsas məsələ odur ki, bir hal təsadüfi və ya hansısa fors-major vəziyyətlə bağlı ola bilər. Amma sürücünün şüurlu şəkildə avtobus zolağına daxil olması və daha sonra nömrəsini gizlətməyə çalışması tamam başqa məsələdir. Bu, artıq bilərəkdən edilən hərəkətdir və düşünürəm ki, belə hallarda qanunvericilikdə nəzərdə tutulan daha ciddi məsuliyyət tətbiq olunmalıdır”.
Raqif Raufoğlunun sözlərinə görə, bu cür halların qarşısının alınmasında ictimai qınağın da böyük rolu var:
“Necə ki, bu hadisəni kimsə çəkərək ictimailəşdirib, bu, əslində müsbət haldır. Çünki insanlar artıq başa düşürlər ki, onlara yalnız kameralar deyil, cəmiyyət də nəzarət edir və hər kəs hamımızın əməl etməli olduğumuz qanunlara riayət etməlidir.
Belə bir hərəkətə görə ciddi cərimə tətbiq olunduqdan sonra heç kim eyni addımı atmağı asanlıqla risk etməz”.


