Yüksək temperatur və artan tərləmə yay aylarında orqanizmin daha çox maye itirməsinə səbəb olur. Kifayət qədər su qəbul edilmədikdə isə sidik qatılaşır və böyrək daşı əmələ gəlməsi riski arta bilər.
Mütəxəssislər xüsusilə əvvəllər böyrək daşı problemi yaşayan şəxsləri isti havalarda maye qəbuluna daha çox diqqət etməyə çağırırlar.
Ən çox edilən səhv: susamağı gözləmək
Mütəxəssislərin sözlərinə görə, gündəlik maye ehtiyacı hər insanda fərqli ola bilər. Lakin açıq havada işləyən, uzun müddət günəş altında qalan və çox tərləyən şəxslərin daha çox maye qəbul etməsi vacibdir. Susama hissinin yaranmasını gözləmədən gün ərzində müntəzəm şəkildə su içmək tövsiyə olunur. Sidiyin normaldan daha tünd rəngdə olması isə orqanizmin mayeyə ehtiyac duyduğunun göstəricilərindən biri ola bilər. Uroloq Prof. Dr. Mehmet Solakhan əvvəllər böyrək daşı problemi yaşayan insanların isti havalarda itirdikləri mayeni mütləq bərpa etməli olduqlarını vurğulayıb.
Duzlu qidalar da risk yarada bilər
Yayda piknik, manqal və çöldə yemək vərdişlərinin artması qidalanmanı da böyrək sağlamlığı baxımından önəmli edir. Xüsusilə həddindən artıq duzlu və çox işlənmiş qidaların qəbulunun məhdudlaşdırılması tövsiyə olunur. Böyrək daşı problemi olan şəxslərin isə həkim tərəfindən müəyyənləşdirilən qidalanma rejiminə əməl etməsi vacibdir.
Bu əlamətlərə diqqət edin
Böyrək daşı bəzi insanlarda uzun müddət heç bir əlamət verməyə bilər. Lakin daş sidik kanalına keçdikdə güclü bel və yan ağrısı yarana bilər. Sidikdə qan, ürəkbulanma, qusma, hərarət və keçməyən şiddətli ağrıböyrək daşı ilə bağlı diqqət tələb edən əlamətlər sırasındadır. Bu simptomlar müşahidə olunduqda həkimə müraciət etmək və lazımi müayinələrdən keçmək tövsiyə olunur.
Mütəxəssislər yay aylarında böyrək sağlamlığını qorumaq üçün kifayət qədər su içməyi, balanslı qidalanmağı və xüsusilə isti havalarda maye itkisinə diqqət etməyi məsləhət görürlər.
Leyla Demokrat.az


