Son günlər şam çırasının suya salınaraq içilməsinin bağırsaqları təmizlədiyi və həzm problemlərini aradan qaldırdığı barədə iddialar yayılır. Reseptin 30 gün ərzində orqanizmdəki “toksinləri” və bağırsaqlarda yığıldığı iddia edilən qida qalıqlarını təmizlədiyi bildirilir.
Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayılan reseptdə bir ədəd şam çırasının 5 litr otaq temperaturunda suya salınması və 24 saat saxlanılması tövsiyə olunur. Daha sonra həmin suyun 30 gün ərzində adi su kimi içilməsi məsləhət görülür.
İddialara görə, şam çırasının tərkibindəki təbii qatran və digər maddələr həzm sisteminə müsbət təsir göstərir, qəbizliyi azaldır və orqanizmdən zərərli maddələrin xaric olunmasına kömək edir.
Lakin bu iddiaların bağırsaqları “tam təmizləməsi” və 30 gün ərzində müalicəvi nəticə verməsi ilə bağlı etibarlı elmi sübut təqdim edilmir.
Mütəxəssislər də bağırsaqların xüsusi içkilərlə “təmizlənməsinin” zəruri olmadığını bildirirlər. Sağlam bağırsaq sistemi öz fəaliyyətini təbii şəkildə həyata keçirir. Həzm sisteminin normal fəaliyyəti üçün kifayət qədər su içmək, liflə zəngin qidalar qəbul etmək və fiziki aktiv olmaq daha vacibdir.
Buna görə də sosial şəbəkələrdə yayılan bu cür reseptləri müalicə üsulu kimi qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Jalə Demokrat.az


